Yuxarı

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

​Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqə

Gürcüstanın Marneuli rayonunun Mədəniyyət Evində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneuli rayonunun icra başçısı səlahiyyətlərini icra edən Zaur Tabatadze, Azərbaycandan olan nümayəndə heyəti və Marneuli sakinləri iştirak ediblər.

Z.Tabatadze deyib ki, Heydər Əliyev böyük siyasətçi və Gürcüstanın dostu idi. O, hər il Gürcüstanda H.Əliyevin doğum gününə həsr olunan tədbirlərin keçirildiyini xatırladıb: "Heydər Əliyev Gürcüstanla münasibətlərə xüsusi diqqət ayırıb. Onun siyasəti sayəsində Azərbaycan-Gürcüstan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib".

Daha sonra çıxış edən D.Həsənov ulu öndərin Azərbaycanın müstəqillik qazanması, bölgədə qlobal əhəmiyyətli layihələrin reallaşmasındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, ümumilli liderin siyasi kursu bu gün də uğurla davam etdirilir.

Diplomat Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud dostluq və qardaşlıq münasibətlərinə də toxunaraq Gürcüstanda yaşayan azərbaycanlıların bu münasibətlərdə körpü rolunu oynadığını qeyd edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və digərləri də çıxış edərək H.Əliyevin daxili və xarici siyasəti, Gürcüstanla əməkdaşlığa verdiyi önəm, onun təşəbbüsü ilə regionda həyata keçirilmiş iqtisadi layihələrin əhəmiyyətindən danışıblar.

H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər Qardabani rayonunda da keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi