Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanlıların Mədəniyyət Mərkəzi ermənilərin öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə soyqırımı iddiaları ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanat müəllifləri bildirir ki, bu gün ermənilərdən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabı soruşulmalıdır: “Əgər ermənilər tarixi faktları obyektiv araşdırmaq istəyirsə, siyasi məqsədlərə görə tarixi reallığı eybəcərləşdirməkdən cəkinməli və işi mütəxəssislərə həvalə etməlidirlər. Ermənilərdən fərqli olaraq, türklər öz arxivlərini tarixçilərə açdı və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini dəstəklədilər”.
Gürcüstan azərbaycanlıları bəyan edir ki, ermənilərin soyqırımı ilə əlaqədar yayılmış məkrli iddialararının arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi tələbləri durması hamıya məlumdur: “Ermənilər bu günə kimi Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandırır və Turkiyə-Ermənistan sərhədini rəsmi şəkildə tanımır”.
Ermənistanın bu ekspansiv siyasətinin yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda Azərbaycana qarşı yönəldiyini vurğulayan bəyanat müəllifləri ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı aktlarını xatırladır.
Gürcüstan parlamentinə ünvanlanmış müraciətdə bəyan edilir ki, əgər Ermənistan region ölkələri ilə dinc yanaşı yaşamaq istəyirsə, ilk növbədə, qonşulara düşmənçilik mövqeyinə son qoymalı, onların suverenliyinə, ərazi bütövlüyünə hörmət etməlidir. “Bu, ermənilərin maraqlarına daha çox uyğundur, əks halda Ermənistan regionda təcrid olunmuş ölkə kimi qalacaq. Bunu yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisi də yaxşı dərk etməlidir”, - Gürcüstan azərbaycanlılarının bəyanatında belə deyilir.