Yuxarı

​Gürcüstan azərbaycanlıları ad və soyadla bağlı sənədlərindəki səhvləri pulsuz düzəltdirə biləcəklər

Ədliyyə naziri: Kağız üzərində aparılmış sənədləşmələr zamanı azərbaycanlıların sənədlərində çoxlu sayda səhvlərə yol verilib

Tbilisi. 5 fevral. REPORT.AZ/ Sovet İttifaqı dağıldıqdan sonra bir sıra ölkələrdə, eləcə də Gürcüstanda aparılan sənədləşmələr zamanı ciddi qanun pozuntularına yol verilib. Belə qanun pozuntularına, əsasən, insanların ad, soyad, ata adı, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, pasport və hərbi biletlərində, eləcə də torpaq, ev və digər daşınan və daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərində rast gəlinir. Gürcüstanda yaşayan milli azlıqlar, eləcə də azərbaycanlılar da bu cür problemlərdən ciddi əziyyət çəkirlər.

Bu sözləri Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani fevralın 5-də azərbaycanlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevin təşəbbüsü ilə Ədliyyə Nazirliyi bu məsələni bir daha araşdırıb.

"Aydın olub ki, kağız üzərində aparılmış sənədləşmələr zamanı azərbaycanlıların sənədlərində çoxlu sayda səhvlərə yol verilib. Bəzi sənədlərdə ad, soy adı və ata adları səhv, tələffüz olunduğu kimi yazılıb. Ədliyyə Nazirliyi bunları nəzərə alaraq amnistiya elan edib. Amnistiyaya əsasən azərbaycanlılar, eləcə də digər milli azlıqlar Ədliyyə Nazirliyinin yerli orqanlarına müraciət edib sənədlərindəki həmin səhvləri düzəldə bilərlər. Bu zaman onlardan dövlət rüsumu alınmayacaq. Vətəndaşlar sənədlərindəki səhvlərlə bağlı nazirliyin "www.sda.gov.ge" elektron ünvanına da müraciət edə bilərlər. Amnistiya 2009-cu il yanvarın 1-dək aparılmış sənədləşmələrə şamil olunur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, lakin torpaq və mülkiyyət hüququ ilə bağlı bəzi məsələlər yenə də məhkəmələr vasitəsi ilə həllini tapacaq. Məhkəmə araşdırması zamanı mülkiyyətin əvvəlki həqiqi sahibinin kimliyi sübut olunduqda üstünlük ona veriləcək.

Tea Tsulukiani Gürcüstanda yaşayan azərbaycanlıların soyad sonluğunun dəyişdirilməsi məsələsinin də diqqət mərkəzində olduğunu bildirib və deyib ki, bu məsələ ilə əlaqədar Azərbaycan dövlətinin təcrübəsi öyrənilir:

"Yaxın vaxtlarda Gürcüstanda yaşayan azərbaycanlılar da – lı – li- lu- zadə və s. sonluqlu familiyalardan istifadə edə biləcəklər".

Sonda nazir jurnalistlərin suallarını cavablandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi