Yuxarı

Gürcü alimlər dünya ictimaiyyətini azərbaycanlıların soyqırımını tanımağa çağırıb

Gürcüstanda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan konfrans keçirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Gürcüstan Azərbaycanlıları Milli Konqresinin təşkilatçılığı ilə Tbilisidəki Qafqaz Beynəlxalq Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. 

"Report" un Disporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfransda konqresin rəhbəri Əli Babayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Samir Ağayev, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, professor Aleksandr Rusetskiy, professor Tamar Kiknadze, politoloq Vladimir Tsxvediani, Qafqaz Beynəlxalq Universitetinin müəllim və tələbələri, ictimai təşkilatların təmsilçiləri iştirak edib.

Konfransda çıxış edən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev bildirib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinin unudulması yeni, daha faciəli və kütləvi qətllərin həyata keçirilməsinə gətirib çıxarır. Konfransda əsas diqqət separatçılıqdan əziyyət çəkən Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq məsələlərinə yönəldilib. Bildirilib ki, etnik təmizlənmə nəticəsində Azərbaycan bir milyon, Gürcüstanda isə yarım milyon insanın doğma torpağından qovularaq qaçqın düşüb.

Professor Aleksandr Rusetskiy demokratik prinsiplərin və milli mənsubiyyətindən asılı olmayaraq insanların hüquqlarının qorunmasının vacib olduğunu vurğulayıb. Onun fikrincə, demokratik və sülh şəraitində yaşama prinsiplərinin dəstəklənməsi Azərbaycanla Gürcüstanın iyirminci yüzillikdə qarşılaşdığı faciələrin yenidən təkrarlanmasının qarşısını ala bilər.

Professor Quram Maxuliya isə öz çıxışında erməni millətçiliyinin aqressiv təbiətini, erməni təxribatçılarının cəlladlığını göstərən tarixi faktların öyrənilməsinin vacibliyini vurğulayıb: “Daşnaksutyun” partiyasının erməni millətçiləri “Böyük Ermənistan” planlarını gerçəkləşdirmək naminə Türkiyədə və Azərbaycanda kütləvi qırğınlar həyata keçiriblər”. Quram Marxuliyanın sözlərinə görə, Türkiyə torpaqlarında monoetnik erməni dövlətinin yaradılması uğursuzluqla nəticələndikdən sonra erməni millətçiləri öz dövlətlərini qurmaq üçün 1918-ci ildə Azərbaycan torpaqlarında yerli əhalini kütləvi şəkildə qətlə yetirməyə başladılar. 2007-ci ildə Qubada aşkar edilən soyqırımı qurbanlarının kütləvi məzarlığı da erməni silahlılarının dinc azərbaycanlılara qarşı törətdiyi qırğınların miqyasını göstərir. Burada uşaqların başları əzilərək qəddarlıqla qətlə yetirilməsi isə erməni vəhşiliyin bir daha sübut edir.

Konfransın yekununda iyirminci yüzillikdə azərbaycanlıların soyqırımının tanınması üçün dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə qeyd olunur ki, azərbaycanlıların 1905-1906-cı illərdə İrəvan quberniyasında, Zəngəzurda, 1918-ci ildə Bakı, Şamaxı və Qubada, 1992-ci ildə Xocalıda kütləvi şəkildə öldürülməsinə göz yumulması, cinayərkarların cəzasız qalması insanlığa qarşı yeni cinayətlərə yol açır: "Bu gün biz Ukrayna, Suriya, İrak və Yəməndə dinc əhalinin kütləvi qətllərinin şahidi oluruq. Beynəlxalq ictimaiyyət XX əsrdə azərbaycanlıların soyqırımına obyektiv qiymət verməli və belə cinayətlərin bir daha təkrarlanmaması üçün təşkilatçılar məsuliyyətə cəlb edilməlidir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi