Bakı. 16 fevral. REPORT.AZ/ Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların və gürcülərin birgə etiraz aksiyasının təşkili ilə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.
“Report”un məlumatına görə, aydın olub ki, aksiyanın təşkilatçılarından biri, Gürcüstan cəmiyyətinin azərbaycanlı gənc fəalı, Azərbaycanın Diaspor Gənclərinin I Yay Düşərgəsinin fəal nümayəndəsi Sevinc Hümbətovadır.
O, 2018-ci ildə Azərbaycanın Şəki rayonunda təşkil olunan Diaspor Gənclərinin I Yay Düşərgəsi çərçivəsində keçirilən, dünya azərbaycanlıları arasında geniş əks-səda verən bütün tədbirlərin fəal üzvü olub. Məhz onun da sayəsində yüzlərlə gürcü və azərbaycanlılardan ibarət gənclər Gürcüstan parlamentinin qarşısına axışaraq separatçının büstünün götürülməsini tələb ediblər.
Qeyd edək ki, fevralın 8-də Tbilisidə parlamentin qarşısında gürcü və azərbaycanlılardan ibarət ölkə vətəndaşları Axalkalaki rayonunda erməni separatçıya büstün qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçiriblər.