Moskva Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilib

Moskva Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilib “Bizim hamımızın fəxr etməyimizə əsas var”
Diaspor
28 Dekabr , 2016 16:31
Moskva Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilib

Moskva. 28 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxrı Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilib. 

“Report”un Moskva müxbiri xəbər verir ki, "Ukrayna-Radisson" otelində keçirilən qurultaya Rusiyanın 78 bölgəsindən 200-dən artıq nümayəndə, iki ölkənin dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olub. 

“Məmnunluq hissi doğuran odur ki, Azərbaycan diasporunun nümayəndələri öz milli identikliyini və mənəvi dəyərləri qoruyub saxlamaqla Rusiya cəmiyyətinə inteqrasiya ediblər. Xalqımızın nümayəndələri Rusiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Onlar elmin və mədəniyyətin, iqtisadiyyatın və səhiyyənin inkişafına sanballı töhfə verirlər”. Bunu Rusiya paytaxtında Ümumrusiya Azərbaycanlılar Konqresinin IV qurultayında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

“Sevindirici haldır ki, bunların çoxu öz peşəkar fəaliyyətində qazandıqları nailiyyətlərə və ya Rusiya dövləti qarşısında xidmətlərinə görə təltiflərə layiq görülüb, mühüm vəzifələr tutur, böyük hörmət və nüfuz sahibidir. Başqa sözlər desək, bu insanlar həm onlar üçün ikinci vətən olmuş ölkənin firavanlaşmasında, həm də bizim xalqımızın müsbət imicinin formalaşmasında maraqlı olan, Azərbaycanı ləyaqətlə təmsil edən əsl quruculardır”, - Ə.Həsənov bildirib.

O vurğulayıb ki, əslində, yerli sakinlərin nəzərində Azərbaycanın obrazı həmvətənlərimizin necə yaşamasından və işləməsindən, onların Rusiya adətlərinə, Rusiya mədəniyyətinə və əhalisinə necə münasibət bəsləmələrindən asılı olaraq formalaşır: “Bizim xalqın nümayəndələri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməli, dövlətə və ölkə vətəndaşlarına hörmət göstərməli, Rusiyanın tarixinə və ənənələrinə qayğı ilə yanaşmalı, Rusiyanın müsbət obrazının formalaşmasına kömək etməlidirlər. Bir sözlə, sizi ürəkdən qəbul etmiş ölkənin gələcək inkişafı və firavanlığı üçün hər cür səy göstərməlisiniz. Rusiyanın uğuru sizin nailiyyətiniz, sizin fəxrinizdir. Axı siz məhz sizin üçün Vətən olmuş bu ölkədə elmi və peşəkar fəaliyyətdə, biznes və istehsal sahəsində yüksək nəticələrə nail olmusunuz. Lakin eyni zamanda, Ümummilli Liderin dediyi kimi, azərbaycanlı adi vətəndaş deyil, elə vətəndaş olmalıdır ki, onun simasında Azərbaycan yüksəlsin, ölkəmizin bayrağı ucalsın. Siz həmin mühüm və möhkəm körpüsünüz ki, bundan sonra da iki qardaş xalq və ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə şərait yaratmalıdır. Ümumrusiya Azərbaycanlılar Konqresinin növbəti qurultayı Azərbaycan Respublikasının və yeni Rusiyanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin qeyd olunduğu ildə keçir. Tarix baxımından bu, nisbətən qısa müddətdir, lakin razılaşın ki, əsrin dörddə biri yalnız öz gücünə güvənmiş və güvənən bizim ölkə üçün əhəmiyyətli müddətdir. Əlamətdar haldır ki, biz bu yubiley tarixinə iqtisadi, sosial və siyasi sahələrdə ciddi uğurlarla gəlmişik. Ötən illər ərzində ölkəmiz böyük nüfuz qazanıb, dünya birliyinin tərkib hissəsinə çevrilib. Bizim hamımızın fəxr etməyimizə əsas var. Axı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Onlar xalqımızın mədəni və mənəvi dəyərlərinin qorunub saxlanmasında, təbliğində və çoxaldılmasında səylərini birləşdirməlidirlər. Bunun üçün siz bir-birinizlə sıx ünsiyyət saxlamalı, bizim mədəniyyətimizi populyarlaşdırmalı, müasir Azərbaycanın necə yaşaması barədə informasiyanı geniş ictimaiyyətə çatdırmaq üçün hər bir imkandan istifadə etməlisiniz. Bununla bərabər, siz ölkəmizin üzləşdiyi problemlərdən xəbərdar olmalı, ölkəmizə və onun müasir nailiyyətlərinə qara yaxmağa, bizim tarixi keçmişimizi təhrif etməyə çalışan neqativ qüvvələri ciddi şəkildə dəf etməyi bacarmalısınız. İnanıram ki, bütün bunları etməyə sizin gücünüz çatacaq!

Əminəm ki, bugünkü qurultay sizi narahat edən əsas məsələlər barədə “ortaq məxrəcə gəlməyə” imkan verəcək, yaxın gələcək üçün qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyən edəcək, sizin daha sıx birləşməyinizə yeni təkan verəcək və əlbəttə, ölkələrimizi və xalqlarımızı daha yaxınlaşdıracaq”.

Son xəbərlər

Orphus sistemi