Yuxarı
    Bağlamaq

    Dünya Azərbaycanlıları Assambleyası “Siyasi məhbuslara dəstək” aksiyasını pisləyən müraciət qəbul edib

    “Aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar”

    Bakı. 18 yanvar. REPORT.AZ/ Dünya Azərbaycanlıları Assambleyası yanvarın 18-də Almaniyanın Berlin şəhərində yaşayan bir qrup azərbaycanlının Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi qarşısında “siyasi məhbuslara dəstək” adı altında aksiya keçirməsi ilə bağlı xaricdə yaşayan soydaşlarımıza müraciət qəbul edib.

    “Report”un xəbərinə görə, müraciətdə hazırda ölkəmizin beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ermənipərəst qüvvələrin guya Azərbaycan Respublikasında insan haqlarının tapdandığını, “siyasi məhbus” probleminin olduğunu təbliğ edərək ölkəmiz haqda qeyri-demokratik imic yaratmağa cəhd etdikləri və Dağlıq Qarabağ ermənilərinin belə bir qeyri-demokratik rejimdə yaşaya bilməyəcəyini diqqətə çatdıraraq Qarabağ probleminin öz xeyirlərinə həllinə çalışdıqları vurğulanır və həmin aksiya ermənipərəst çevrələrin “dəyirmanına su tökmək” kimi qiymətləndirilir. Müraciətdə, həmçinin bildirilir ki, Assambleya Azərbaycan Respublikasının əleyhinə olan, onun beynəlxalq nüfuzuna zərrə qədər xələl gətirə biləcək hər hansı bir xırda addımın belə atılmasına qarşıdır. Sənəddə soydaşlarımız belə tədbirlərdə iştirak etməməyə, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və haqq səsimizi dünyaya çatdırmağa, Qarabağ probleminin xalqımızın maraqları və beynəlxalq qanunlar çərçivəsində, ədalətli həllinə nail olunması istiqamətində çalışmağa çağırılır. Müraciətdə daha sonra deyilir: “Qonşu işğalçı dövlət hər vəchlə Azərbaycana qarşı təbliğatda istifadə etmək üçün əsaslar hazırlamağa cəhdlər göstərir. Bu cür addımlar yalnız işğalçı ölkənin diaspor təşkilatları və lobbiçiləri üçün “əlverişli” fürsət hesab oluna bilər. Aldığımız məlumatlara görə, keçiriləcək aksiyanı izləyib lentə alacaq şəxslər arasında işğalçı ölkənin diplomatik korpusunun nümayəndələri olacaqlar. Məhz sözügedən aksiya onlara ölkəmizin beynəlxalq aləmdə nüfuzuna zərbə vurmaq üçün fürsət verə bilər”.

    Müraciət müəllifləri xaricdə yaşayan azərbaycanlıları antiazərbaycan qüvvələri tərəfindən təxribatların çoxaldığı bu məqamda düşmən ölkənin əlinə fürsət verməməyə və dövlətimizin yanında olmağa səsləyir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi