Azərbaycanlı tələbə: “Tezliklə Uhandan təxliyə olunacağımıza ümid edirəm”

Azərbaycanlı tələbə: “Tezliklə Uhandan təxliyə olunacağımıza ümid edirəm” “Bəziləri Uhan şəhərində panikanın olduğu barədə videolar yayır, lakin müşahidələrimə görə, buna heç bir əsas yoxdur”.
Diaspor
30 Yanvar , 2020 16:24
Azərbaycanlı tələbə: “Tezliklə Uhandan təxliyə olunacağımıza ümid edirəm”

“Bəziləri Uhan şəhərində panikanın olduğu barədə videolar yayır, lakin müşahidələrimə görə, buna heç bir əsas yoxdur”.

Bunu “Report”a Çinin Uhan şəhərində təhsil alan Tural adlı azərbaycanlı tələbə deyib.

Onun sözlərinə görə, yerli əhali 2002-ci ildə SARS xəstəliyi (ağır kəskin respirator sindromu) ilə üzləşdiyindən indi bu vəziyyətə normal adaptasiya oluna bilib.

“Karantin elan olunduğundan və hazırda tətil olduğundan iş yerlərinə getmək zərurəti yoxdur. Bundan əlavə, qəti şəkildə evlərdə qalmaq və yalnız zərurət halında, o da mütləq şəkildə maskadan istifadə etməklə evdən çıxmaq tövsiyə olunur”, - Tural bildirib.

Uhanda olan Azərbaycan vətəndaşlarının sayı barədə danışan müsahib şəhərdə 7 Azərbaycan vətəndaşının olduğunu və demək olar ki, hər biri ilə əlaqəsinin olduğunu söyləyib: “Sosial şəbəkə vasitəsilə daim bir-birimiz haqqında soraqlaşırıq”.

Mümkün təxliyənin zamanı və səfirliyin bu istiqamətdəki səyləri barədə sualı cavablandıran tələbə qeyd edib ki, dəqiq tarix hələ müəyyən deyil və bu suala yalnız səfirlik dəqiq cavab verə bilər: “Azərbaycan vətəndaşı olaraq dövlət başçısı, cənab Prezidentin məsələni xüsusi nəzarətə götürəcəyini və vətəndaşlarımızın uğurla təxliyə olunacağını gözləyirəm”.

Onun sözlərinə görə, hazırda karantin şəraitində olan şəhərdə, tələbə kampusunun yataqxanasında qalır: “Təxliyə mümkün olduğu təqdirdə şəhəri mümkün qədər tez tərk etməyə və karantin müddəti bitəndən sonra yenidən qayıtmağa hazıram. Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri mümkün yoluxdurma riski olduğundan yaxın müddətdə Azərbaycana qayıtmaq niyyətində deyiləm”.

Azərbaycanlı tələbə həmçinin qeyd edib ki, hazırda kampusu tərk etməyə qadağa yoxdur: “Bildirim ki, kampusa giriş-çıxış yalnız kartla mümkündür, bu da potensial təhlükə riskini azaldır. Şəhərə çıxmamağa üstünlük verirəm, çünki yeməkxanada və marketlərdə lazımi qida və ərzaqları əldə edə bilirəm”.

O, hazırda şəhərdə mütəlif supermarketlərin fəaliyyətini davam etdirdiklərini bildirib: “Bu barədə məlumatı universitet artıq e-mail vasitəsilə tələbələrə göndərib. Bundan başqa, əcnəbi vətəndaşlar sutka ərzində qaynar xətlər vasitəsilə zəruri informasiyaları ala bilərlər”.

Şəhərdəki ümumi vəziyyət barədə danışan azərbaycanlı tələbə bildirib ki, Uhanda karantin yanvarın 23-ü yerli vaxtla səhər saat 10:00-dan elan edilib: “Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat və qatarlarlar çalışmır. Hazırda koronavirusun yayılmasının qarşısının alınması üçün şəhərdaxili rayonlar da təcrid olunub. Sakinlərə evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir, bayıra çıxanda isə maskalardan istifadə mütləqdir. Maska istifadə edilmədiyi təqdirdə müvafiq cəza tədbirlərinin görülməsi mümkündür”.

O qeyd edib ki, satışda virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar mövcuddur, lakin müxtəlif yerlərdə qıtlıq müşahidə olunur.

“Yoluxanların sayı sürətlə artdığından bəzi hallarda xəstəxanalarda yer məhdudiyyəti yaranır. Hökumət daim KİV-də və internetdə informasiya yaymaqla əhalini məlumatlandırır. Xatırladım ki, Çinin baş naziri Uhanda olub və şəxsən vəziyyətlə tanış olub. Hazırda şəhərdə xəstələr üçün 2 xüsusi hospital tikilir. Ərazisi 25 min kv.m. olacaq birinci hospitalın fevralın 2-də təhvil veriləcəyi gözlənilir. Hospitalın tutumu 700-1000 nəfərlik olacaq”, - tələbə vurğulayıb.

Onun sözlərinə görə, ÜST bu məsələyə diqqət ayırsa da, vəziyyətə reaksiya verməkdə kifayət qədər gecikib: “Bunu ÜST və onun rəhbəri Tedros Qebreyesusun sosial şəbəkələrdəki postlarından görmək olar. Xatırladım ki, ÜST Çində koronavirusun yayılması ilə bağlı müşavirə keçirərkən T.Qebreyesus vəziyyətin dünya üçün yox, Çin üçün böhranlı olduğunu söyləmişdi. Bundan sonra tam fərqli mənzərə yarandı, koronavirus hər gün yeni ölkələrə yayılır və orada əhalinin sağlamlığını təhlükə altına qoyur”.

Müsahib əlavə edib ki, ÜST rəhbəri bu yaxınlarda Pekinə səfər edib rəhbərliklə görüşüb, lakin Hubey əyalətinə və Uhanda yaşayan efiopiyalı həmyerlilərinə diqqət ayırmayıb: “Çünki bu onun üçün prioritet məsələ deyil. Ona görə ÜST-nin nüfuzu müəyyən ölkələrdə aşağı səviyyədədir. Buna misal olaraq, ABŞ və Yaponiyanın öz vətəndaşlarının artıq təxliyə etdiyini göstərmək olar. Cənubi Koreya və Almaniya da bu barədə iş apardıqlarını bəyan ediblər”.

“Bu fakt, təbii ki, təxliyənin mümkün olduğunu göstərir. Ona görə də biz Azərbaycan vətəndaşları olaraq dövlətimizin dəstəyinə inanır və bu dəstəyi gözləyirik. Tezliklə Uhandan təxliyə olunacağımıza ümid edirik”, - azərbaycanlı tələbə fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi