Yuxarı
    Bağlamaq

    AAK Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edib

    Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı öz işini yekunlaşdırıb

    Amsterdam. 27 fevral. REPORT.AZ/ Niderlandın paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar, VI qurultayı öz işini yekunlaşdırıb.

    “Report” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Avropa ölkələrindəki diaspor nümayəndələri, ictimai-siyasi xadimlər, Azərbaycanın bəzi aparıcı mətbuat orqanlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

    Tədbirdə AAK prezidenti Sahil Qasımov tərəfindən hesabat dinlənilib və qəbul olunub. Ardınca Prezident İlham Əliyevin "2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair sərəncamına uyğun olaraq Avropa ölkələrində AXC-nin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar AAK-nın tədbirlər planının müzakirəsi ilə bağlı panel təşkil olunub. Paneldə AAK-nın fəxri prezidenti Samira Patzer-İsmayılova, AAK İcraiyyə Komitəsinin üzvləri Arzu Muradlı, Səfər Qaraqoyunlu, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək öz təkliflərini irəli sürüblər.

    “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq qitə ölkələrində təbliğat işləri mövzusunda təşkil olunan paneldə isə AAK İcraiyyə Komitəsinin üzvü Mirvari Fətəliyeva, AAK vitse-prezidenti Rövşən Tağıyev, AAK fəxri prezidenti Başar Kömür, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə təkliflər səsləndiriblər. Bu məqsədlə Polşanın 10-dək media rəhbərinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirilib.

    Qurultayda daha sonra AAK Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi müzakirə edilib və qəbul olunub. Sahil Qasımov yenidən AAK-ya prezident seçilib. Hazırkı vitse-prezidentlər öz postlarına yenidən təsdiqləniblər. Konqresin 2018-2021 illər üçün fəaliyyət proqramı da öz təsdiqini tapıb. Qurultayın qətnaməsi qəbul olunub. Səfər Qaraqoyunlu AAK-nın 5-ci vitse-prezidenti seçilib.

    Sonda qurultay iştirakçılarının Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciəti qəbul olunub. Qurultay Azərbaycan prezidenti İlham Əliyevə müraciətlə yekunlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi