Yuxarı
    Bağlamaq

    Yoahim Löv: “Azərbaycan milli komandasında böyük irəliləyiş hiss olunur”

    Almaniya milli komandasının baş məşqçisi: “Komanda Norveçə qalib gəlib Çexiya ilə heç-heçə oynayırsa, inkişafdan danışmaq olar”

    "Bunlar baş versə, niyə də yox?"

    Bakı. 25 mart. REPORT.AZ/ "Məqsəd aydındır. Bura 3 xal üçün gəlmişik. Ümumilikdə məqsədimiz yayadək bütün oyunlardan qalib ayrılmaqdır. Qarşıda San-Marino ilə oyunumuz da var. Xal itirməməliyik. Uçuş və vaxt dəyişikliyi nəzərə alınası faktorlardır. Amma bunlar bəhanə olmamalıdır".

    "Report"un məlumatına görə, bunu Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə düzənlənən mətbuat konfransında deyib.

    Daha sonra 57 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    - Heyətdə zədəli və şans verməyəcəyiniz oyunçular varmı?

    - Xedira, Draksler və Qomesin vəziyyəti yaxşıdır. Məsut Özillə bağlı vəziyyət naməlumdur. Dünən də, bu gün də Özil məşq etməyib. Sabahadək vəziyyətə baxacağıq.

    - Qapıda kimin dayanacağını müəyyənləşdirmisiniz?

    - Hələlik heç bir şey həll olunmayıb. Ter Ştegen İngiltərəyə qarşı yaxşı oynadı. Amma digərləri də məşqlərdə yaxşı təsir bağışlayırlar. Ona görə də oyun öncəsi kimin start heyətdə yer alacağına qərar verəcəyik.

    - Andre Şürrle klubunda müntəzəm çıxış etmir. Amma yığmada yer alıb...

    - Sözsüz ki, Şürrlenin oynamaması bizim üçün də yaxşı hal deyil. Amma məşqdəki performansı müsbət düşünməyə əsas verir. Kimmix və digər oyunçular da klublarında müntəzəm oynamırlar.

    - Bakıdakı əvvəlki oyunlarla müqayisədə bu dəfəki oyun asan, yoxsa çətin olacaq?

    - Həm ölkədə, həm də komandada böyük irəliləyiş hiss olunur. Oyun baxımından xeyli artım baş verib. Son oyunlardakı nəticələr də dediklərimi təsdiqləyir. Komanda Norveçə qalib gəlib Çexiya ilə heç-heçə oynayırsa, deməli inkişafdan danışmaq olar. Azərbaycan müdafiə olunmağı bacarır, taktiki planı inkişaf etdirib. Ümumi götürdükdə, inkişaf nəzərə çarpır.

    - Kapitan kim olacaq?

    - Sami Xedira. Çünki Xedira liderdir, örnəkdir, işə yanaşması yüksək səviyyədədir.

    - Son zamanlar futbolçuların milliyə can-başla gəlmədikləri deyilir...

    -Xeyr, bu, belə deyil. Əksinə, futbolçular komandaya böyük həvəslə gəlirlər. Hətta kənarda qalanlar belə milliyə can atırlar. Onların motivasiyaları da çox yüksək səviyyədədir.

    - Mario Qomeslə hücumda başlamaq istəyirsiniz?

    - Qomes son oyunlarda yaxşı təsir bağışlayıb. Ona görə də sabahkı oyunda onun olması daha xeyirli olardı.

    - Azərbaycanın qrupda 2-ci yer şansını necə dəyərləndirirsiniz?

    - 4 oyundan 7 xal yaxşı başlanğıcdır. Çexiya və Şimali İrlandiya ilə növbəti oyunlarda bir çox məsələ həllini tapacaq. Bunlar baş versə, niyə də yox?

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi