Şimali İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisi ilə keçirəcəkləri növbəti oyun barədə danışıb

Şimali İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisi ilə keçirəcəkləri növbəti oyun barədə danışıb "Bizə yalnız Almaniya qol vura bilib"
Futbol
27 Mart , 2017 11:54
Şimali İrlandiya yığmasının baş məşqçisi Azərbaycan millisi ilə keçirəcəkləri növbəti oyun barədə danışıb

Bakı. 27 mart. REPORT.AZ/ "Biz qrupda əla vəziyyətdəyik. Komandamız oyundan-oyuna lazımi səviyyəyə yüksəlir".

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil Belfastda Norveç millisinin 2:0 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. 48 yaşlı mütəxəssis bildirib ki, Lars Lagerbek kimi təcrübəli rəqib həmkarının rəhbərlik etdiyi komanda ilə oyuna "Windsor Park"dakı qarşılaşmaya çıxarkən ehtiyatlanıb: "Norveç hələ heç nəyi itirməmişdi. Onlar qrupda canlı vəziyyətdə qalmaq üçün qələbə qazanmalı idilər. Bu da rəqibimizi çox təhlükəli etmişdi. Amma biz qalib gələrək, öz işimizi gördük və bu komanda ilə xal fərqini 7-yə çatdırdıq".

Şimali İrlandiya millisi C qrupunda növbəti görüşünü iyunun 10-da Bakıda Azərbaycan yığmasına qarşı keçirəcək. O Nil qarşılaşmanın çətin keçəcəyini, amma yenə qələbə üçün meydana çıxacaqlarını vurğulayıb: "Qalib gəlsək, Azərbaycanla xal fərqini 6-ya çatdıracağıq. Sonra isə Almaniya və Çexiya ilə rəqabətə girəcəyik. Qrupda 5 oyundan 10 xal yığdıqdan sonra təqvimə baxırsan və hazırkı durumda nəyin lazım olduğunu düşünməyə başlayırsan. Biz hazırda belə vəziyyətdəyik. Mən komandamın çıxışına heyranam və futbolçularımdan daha çox şey xahiş edə bilmərəm. Pis ifaçımız olmayıb. Biz böyük futbol oyunları sərgiləmişik. Çıxışımız fantastik alınıb. Öz meydanımızda 10 qol vurmuşuq. 5 oyunumuzdan 4-də qapımızı boş saxlamışıq. Yalnız Almaniya bizə qol vura bilib. Bunların hamısı statistik göstəricilərdir və gələcəyə inam yaradır".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı "Bakcell Arena"da keçiriləcək. 5 turdan sonra C qrupuna aktivində 15 xal olan Almaniya millisi başçılıq edir. Şimali İrlandiya 10 xalla 2-ci, Çexiya 8 xalla 3-cü, Azərbaycan 7 xalla 4-cü, Norveç 3 xalla 5-cidir. Hələ xal toplamayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi