Robert Prosineçki Şimali İrlandiya ilə oyun barədə AFFA-ya hesabat verəcək

Robert Prosineçki Şimali İrlandiya ilə oyun barədə AFFA-ya hesabat verəcək Mikayıl Nərimanoğlu: "Onun yığmadan gedişi müzakirə mövzusu deyil"
Futbol
12 İyun , 2017 14:26
Robert Prosineçki Şimali İrlandiya ilə oyun barədə AFFA-ya hesabat verəcək

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcək. Bu barədə "Report"a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, görüş hesabat xarakteri daşıyır: "2007-ci ildən etibarən hər bir oyundan sonra baş məşqçi katibliyə, ilin sonunda isə AFFA İcraiyyə Komitəsinə hesabat verir. Yəni, bu, plan üzrə görüşdür. Prosineçki bu dəfə Şimali İrlandiya ilə seçmə oyun barədə hesabat verəcək".

AFFA rəsmisi xorvatiyalı mütəxəssisin Türkiyə "Bursaspor"una mümkün keçidi məsələsinin müzakirə olunma variantını istisna edib: "Prosineçkinin AFFA ilə ilin sonunadək müqaviləsi var. Onun yığmadan gedişi müzakirə mövzusu deyil. "Bursaspor" söhbəti 6 aydır davam edir. Biz klub rəsmilərinin dediklərinə münasibət bildirməyəcəyik".

Qeyd edək ki, iyunun 10-da Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzan Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində 6 oyundan 7 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi