Lars Lagerbek: "Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi"

Lars Lagerbek: "Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi" "Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq"
Futbol
2 Sentyabr , 2017 01:39
Lars Lagerbek: Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi

Oslo. 2 sentyabr. REPORT.AZ/ "Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi. Biz də buna nail olduq. Futbolçularımın oyunundan və matça yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurma şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Biz məqsədimizə nail olduq".

"Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, bunu Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Osloda Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

İsveçli mütəxəssis qol epizodlarından lazımınca yararlana bilməmələrindən narahatlıq ifadə edib. Onun fikrincə, bu hal Almaniya ilə qarşıdakı görüşdə komandaya problem yarada bilər. Müdafiə xəttindən razılıq ifadə edən təcrübəli baş məşqçi hücum xətti üzərində işləməyə zərurət olduğunu söyləyib. O, İslandiya yığmasındakı uğurlu fəaliyyətindən sonra Norveç millisindəki işini qiymətləndirməyə tələsməyib:

"Hələlik qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 matç keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq".

Son xəbərlər

Orphus sistemi