Yuxarı
    Bağlamaq

    Daha bir komanda DÇ-2018-ə vəsiqə qazanıb

    31-ci vəsiqənin sahibi Avstraliya-Honduras görüşündə bəlli olub

    Bakı. 15 noyabr. REPORT.AZ/ Daha bir komanda futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanıb. 

    “Report” xəbər verir ki, Avstraliya yığması bunu bacaran 31-ci kollektiv olub.

    Pley-off mərhələsinin səfərdə baş tutan ilk matçında Hondurasla qolsuz bərabərə qalan yaşıl qitə təmsilçisi evdə keçirdiyi cavab oyununda 3:1 hesabı ilə qalib gəlib.

    Avstraliya millisinin heyətində hər üç qolu Mile Edinak vurub. O, 54-cü dəqiqədə hesabı açdığı halda, 72 və 85-ci dəqiqələrdə penaltidən fərqlənib. Yekun nəticəni isə 90+4-cü dəqiqədə qonaqların futbolçusu Meynor Fiqeroa müəyyənləşdirib.

    Qeyd edək ki, bunadək meydan sahibi Rusiya ilə yanaşı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Kosta-Rika, Misir, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis mundialda iştirak etmək hüququna sahib çıxıb.

    Son vəsiqənin sahibi noyabrın 16-da Bakı vaxtı ilə saat 06:15-də start götürəcək Peru - Yeni Zelandiya matçından sonra müəyyənləşəcək. Bu kollektivlər arasında baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

    Xatırladaq ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi