YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişdirilib

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişdirilib Hakim partiyanın Lerik rayon təşkilatının IX konfransı keçirilib
Daxili siyasət
30 İyun , 2017 16:57
YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının IX konfransı keçirilib. 

"Report"un məlumatına görə, rayon Mədəniyyət Evində dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər.

YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkə ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur”.

E.Qəmbərov bildirib ki, YAP Lerik rayon təşkilatı konfranslararası dövr ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, partiyanın qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib: “Hesabat dövründə ilk təşkilatların sayı 53-dən 59-a çatıb. 2016-cı ildə partiya sıralarına 132 nəfər qəbul olunub. Hazırda YAP rayon təşkilatı 59 ərazi ilk partiya təşkilatında 4000 nəfərə yaxın partiya üzvünü özündə birləşdirir. Hesabat dövründə partiya sıralarına 471 nəfər qəbul olunub ki, bunların da 42 faizini gənclər təşkil edir. Əvvəlki illərə nisbətən qadınların partiya sıralarına qəbuluna xüsusi diqqət yetirilmişdir. Konfranslararası müddətdə qəbul olunanların 43 faizini qadınlar təşkil edir. Əvvəlki illərdə bu rəqəm 19-21 faiz təşkil edirdi”.

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciət etdiyini bildirib.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətindən, yaranma zərurətindən, keçdiyi inkişaf yolundan söz açıb.

V.Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilib: “Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Eyni zamanda partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın insan birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcək”.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Cəlil Baxşıyev YAP Lerik rayon təşkilatının yeni sədri seçilib. Konfransda, həmçinin yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.

Son xəbərlər

Orphus sistemi