Bakı. 19 sentyabr. REPORT.AZ/ “Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycan tolerant dövlətdir, ona görə də ölkədə dini ayrıseçilik yoxdur. Bu da Azərbaycan dövlətinin özəlliyidir”.
“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov YAP-dın baş qərargahında keçirilən “Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda keçirilən konfransda deyib.
S.Orucov bildirib ki, Azərbaycan gəncləri də bu prosesə töhfə verirlər: “Baxın, Azərbaycan parlamentinin üzvləri arasında xristian və digər dinlərin nümayəndələri var. Biz heç vaxt bu məsələdə fərq qoymayacağıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycançılıq prinsipinin tərkibində əksini tapıb. Hər kəs bilməldir ki, radikallığın sonu uçurumdur. Ölkə gəncləri yan təsirlərə meyillənməməlidirlər. Azərbaycanda din və dövlət münasibətləri ilə bağlı təkmil qanunvericilik bazası var. Xatırlayırsınızsa, bir müddət öncə, qanunvericilikdə vətəndaşlıqdan məhrumetmə ilə bağlı dəyişikliklər ediləndə, bəzi müxalifyönlü qüvvələr bunu fərqli istiqamətə yozdular. Deyirdilər ki, bu, guya siyasi baxışlarına görə vətəndaşlıqdan məhrumetmədir. Amma belə deyildi. Dəyişiklik xaricdə qanunsuz hərbi birləşmələrə qoşulan vətəndaşlarla bağlı idi. Çünki belə insanların Azərbaycan vətəndaşı olmağa haqqı yoxdur. Bu addımlar Azərbaycan xalqının təhlükəsizliyi üçündür”.