Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında elmi-nəzəri konfrans keçirilib.
Təşkilatdan “Report”a verilən məlumata görə, konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, deputatlar, ziyalılar, ağsaqqallar, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıb: “Xalqımız bu dahi insanın nurlu xatirəsini bir an belə unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Ümummilli liderin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətini qurub və xalqımızın müstəqillik arzusunu reallaşdırıb. Bu gün hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir”.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Gəncə şəhərində ulu öndərin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan xalqının ümummilli liderə bəslədiyi məhəbbət sonsuzdur. AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, GDU-nun prorektoru, deputat Pərvin Kərimzadə, ADAU-nun rektoru İdrahim Cəfərov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhər Ağsaqqallar Şurasının sədri, ADAU-nun professoru Xalid Qurbanov, gənc partiya fəallarından Ayişə Novruzova ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışıblar. GDU-nun prorektoru Gülsüm Fətəliyeva və sahibkar Mobil İmanov Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Elmi-nəzəri konfrans gənclərin ifasında ulu öndərə həsr olunmuş şeirlərlə başa çatıb.