YAP-da yeni təyinatlar olub

YAP-da yeni təyinatlar olub Ötən il Yeni Azərbaycan Partiyasının sıralarına 29 min nəfərdən çox yeni üzv qəbul edilib
Daxili siyasət
29 Yanvar , 2015 16:31
YAP-da yeni təyinatlar olub

Ötən il Yeni Azərbaycan Partiyasının sıralarına 29 min nəfərdən çox yeni üzv qəbul edilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.

Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək bildirib ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Qeyd olunub ki, ötən il keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri mandatların çoxunu qazanmaqla partiyanın növbəti seçki qələbəsini təmin ediblər. Bütövlükdə bələdiyyələrə seçilənlərin 10 315 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir.

Hesabat ilində Yeni Azərbaycan Partiyası bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.

Yeni Azərbaycan Partiyasının sıralarına hesabat dövrü ərzində 29 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 646 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında həmçinin YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 433 486.37 manat olub. Bunun 6 180 077.29 manatını üzvlük haqlarından, 100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını büdcədən ayrılan vəsait təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 474 940.04 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 656 469.91 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərinin, o cümlədən gənclər üçün təşkil edilən yay və qış məktəblərinin və digər tədbirlərin maliyyələşməsinə, 130 043.12 manatı ezamiyyə xərclərinə, 317 785.98 manatı invertarların alınmasına, 91 908.11 manatı təmir işlərinə, 47 797.35 manatı çap işlərinə, 368 599.96 manatı kommunal və təsərrüfat xərclərinə, 43 322.28 manatı dəftərxana xərclərinə, 10 000 manatı depozit faizindən mənfəət vergisinə, 173 326.67 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 41 801.17 manatı bank xidmətinə, 122 773.99 manatı isə sair xərclərə sərf edilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5 478 768.58 manat təşkil etmişdir. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 954 717.79 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.

YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.

İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olub. YAP İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin, MM-in deputatı Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi