Xidmət: Azad olunan ərazilərdə sakinlərin cari təmir ehtiyacları dövlət büdcəsindən maliyyələşdirilmir

Daxili siyasət
  • 27 avqust, 2026
  • 09:58
Xidmət: Azad olunan ərazilərdə sakinlərin cari təmir ehtiyacları dövlət büdcəsindən maliyyələşdirilmir

Azad olunan ərazilərdə yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyacları üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb.

"Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad olunmuş torpaqlara böyük qayıdış davam edir, ərazilərdə abadlıq, bərpa, quruculuq işləri gedir, keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdırlar:

"Bu proses mərhələli şəkildə davam edir və sakinlər təmir-bərpa olunan yeni mənzillərlə təmin olunurlar. Amma təəssüf ki, bəzən bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirib, yaşadıqları mənzilin təmirindən narazılıq edirlər. Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarını, əlavə tikililər, toyuq hini, mal-qara saxlanması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər".

Nümayəndəlik bildirib ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, habelə əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb:

"Bu da o deməkdir ki, dövlət büdcəsində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil. Dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müəyyən edilmiş dövlət proqramları və təsdiq olunmuş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir. Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə, qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Yaşayış sahəsində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlar barədə əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır".

Məlumatda qeyd edilib ki, tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər

"Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır. 1 ildən çox yaşadıqdan sonra "ev yararsızdır" kimi ümumi iddialar konkret fakt və texniki baxışla əsaslandırılmalıdır", - deyə bildirilib.