Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, "Livandan və İrandan köçürülən "Axparlar" ermənilərə oğru deyirdilər" adlı veriliş Pəmbək mahalının Hamamlı rayonunun Saral kənd sakini Seyfəddin Mustafayevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və gənclik illərini xatırladıb, doğulduğu kəndin gözəlliyindən, orada yaşayan azərbaycanlıların mehriban münasibətindən danışıb: "O dövrdə bölgənin adı Pəmbək mahalı idi və ərazidə azərbaycanlılar əsrlərlə məskunlaşmışdılar. Saral kəndi dörd dağın əhatəsində yerləşirdi. Qonşuluqda Qursalı, Vartana və Hacıqara kimi kəndlər var idi. Bu kəndlər arasında sıx əlaqələr mövcud idi. Müəllimlər bir-birinin kəndlərində dərs deyir, şagirdlər təhsil almaq üçün qonşu kəndlərə gedirdilər. Saral məktəbi bölgədə ən böyük təhsil ocağı sayılırdı və ilk 11-ci sinif burada açılmışdı. Kəndin iqtisadi həyatı əsasən kənd təsərrüfatı və heyvandarlığa əsaslanırdı".
Onun sözlərinə görə, Saral kəndində Novruz bayramı xüsusi təntənə ilə qeyd olunurdu: "Qovutdan hazırlanan Novruz xəşili, noxud düzəltmək kimi adətlər var idi. Maraqlı bir ənənəyə görə, damların üstünə qoyulan noxud xəşilini qarğanın hansı evə aparması gələcək qohumluq əlaqələrinin müəyyənləşdirilməsində rol oynayırdı. Çərşənbə axşamlarında "lopa" adlanan məşəllər yandırılır, təkərlər alışdırılıb dağdan buraxılırdı. Bu əyləncəli adət bəzən təhlükəli vəziyyətlər də yaradırdı".
Saral sakini deyir ki, 1970-ci illərdən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı təzyiqlər artmağa başlayıb: "Hətta erməniəsilli bir iş yoldaşım mənə "Vaxt gələcək bu ərazidə bir türk qalmayacaq" deyirdi. Lakin artıq 1970-ci illərdə Livandan və İrandan köçürülən ermənilər yerli azərbaycanlılara deyirdilər ki, sizin yeriniz bura deyil, Bakıya gedin, yoxsa sizi buradan qovacaqlar".
S.Mustafayev erməni vəhşiliyindən və deportasiyadan da söz açıb: "Hamamlıda 33 uşağı böyük borunun içinə doldurub, iki tərəfdən ağzını bağlayıb yandırmışdılar. Amma ermənilər bu hadisələri ört-basdır edirdilər. Nəhayət, 1988-ci ildə ermənilər azərbaycanlıları öz doğma yurdlarından tamamilə qovdular. Ailəmiz, atam-anam digər həmyerliləri kimi, Azərbaycana pənah gətirdi. Lakin ürəyimiz hələ də vətən həsrəti ilə döyünür. Bizim ruhumuz oradadır. Babalarımız, analarımız, nənələrimizin qəbri orada yerləşir. Mən inanıram ki, bir gün öz doğma yurdumuza qayıdacağıq. Nəvələrimin əlindən tutub gedəcəyəm və o torpaqların iyini alacağam".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: