Prezident
"Report" xəbər verir ki, sərəncamla Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Qeyd edək ki, V.Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.
20 iyun 2019-cu il tarixinə qədər daxili işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.
Ailəlidir. Üç övladı var.