Viktor Yuşşenko: "Heydər Əliyev haqqında danışırıqsa, bəlkə də, ən dahi azərbaycanlı haqqında danışırıq"

Viktor Yuşşenko: "Heydər Əliyev haqqında danışırıqsa, bəlkə də, ən dahi azərbaycanlı haqqında danışırıq" “Heydər Əliyev haqqında danışırıqsa, düşünürəm bəlkə də ən dahi azərbaycanlı haqqında danışırıq. O, müasir Azərbaycanın əsasını qoyan şəxsdir”.
Daxili siyasət
10 May , 2023 13:29
Viktor Yuşşenko: Heydər Əliyev haqqında danışırıqsa, bəlkə də, ən dahi azərbaycanlı haqqında danışırıq

“Heydər Əliyev haqqında danışırıqsa, düşünürəm ki, bəlkə də ən dahi azərbaycanlı haqqında danışırıq. O, müasir Azərbaycanın əsasını qoyan şəxsdir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın keçmiş prezidenti və keçmiş baş naziri Viktor Yuşşenko bildirib.

O, Heydər Əliyevlə ilk görüşünü xatırlayıb:

“Hələ ölkələrimizin müstəqilliyini elan etmədiyi dövrlərdə belə, bizim çox yaxşı münasibətlərimiz var idi. Mən o zaman bank sistemində çalışırdım. Heydər Əliyev Moskvadan qayıdıb Bakıdakı məlum hadisələrə görə Naxçıvana gedəndə məndən ölkənizin beynəlxalq hesablaşma sistemini təşkil etməyə yardım göstərməyimi istədi. Onunla ilk görüşümüz məhz onda baş tutdu. Çox qayğılı insan təsiri bağışlayırdı. Uşaq bağçasının yerləşdiyi binanın ikinci mərtəbəsində onun iş kabineti var idi. Bu, 1990-cı ildə baş verir. Şəhərə (Naxçıvana) çıxıb maşınla dolaşdıq. Xatırlayıram, bütün dükanlarda, obyektlərdə güllə izləri var idi. Çox sayda insan küçələrə axışmışdı, indi hamısı Heydər Əliyevi dəstəkləyirdi. Bir sözlə, Azərbaycanın SSRİ-nin keçmiş əraziləri ilə maliyyə əlaqələrinin, demək olar, əsasını qoyan ilk danışıqları keçirdik. Beləcə onunla (Heydər Əliyev ilə) dostlaşdıq".

V.Yuşşenko baş nazir olan zaman Heydər Əliyevlə keçirdiyi görüşləri də vurğulayıb:

"Mən Ukrayna baş naziri olandan sonra onun Ukraynaya səfəri oldu və Kiyevdə yenə bir araya gəldik. O zaman məsələ başqa idi, Azərbaycana müxtəlif dövlət sənədlərinin hazırlanması lazım idi. Bura sürücülük vəsiqələrindən, müəssisələrin səhmlərindən tutmuş banknotların hazırlanmasına qədər işlər daxil idi. O zaman Heydər Əliyevlə banknot fabrikində yarım gün keçirdik. O səfərlə bağlı böyük arxivim var. Bu fabrikdə banknotların hazırlanması üzrə Azərbaycandan ilk sifarişin detalları barədə, Azərbaycanın müstəqilliyini gücləndirməsi, formalaşdırması istiqamətində atılmalı olan addımlar haqqında xeyli söhbət etdik. Ona görə də müasir Azərbaycanın formalaşması barədə çox şey bildiyimi deyə bilərəm. Millətlərarası əlaqələrimizin isti, mehriban olması üçün hər şeyi etdik və bunu Ukraynada olarkən, “Azərbaycan”, “azərbaycanlı” kəlmələrini eşidərkən hiss edirsən. İlk təəssürat odur ki, onlar bizim qardaşlarımızdır, özümüzü çox yaxın hiss edirik. Bu günə qədər də əlaqələrimiz çox yaxşıdır”. 

Ukraynanın keçmiş lideri hesab edir ki, o vaxt SSRİ-dən çıxan yeni müstəqil dövlətlərin hamısı üçün təhlükəsizlik məsələsi birinci yerdə dayanırdı:

“Təhlükəsizlik siyasətinin necə formalaşdırılmasına dair bir neçə süjet işlənmişdi. Rusiya özünün müdafiə modelini irəli sürürdü. Daşkənd sazişini nəzərdə tuturam. Biz isə, məsələn, müstəqilliyimizi əldə etdikdən bir neçə il sonra təhlükəsizlik siyasəti yolu kimi Kollektiv Subavropa Təhlükəsizlik Sisteminə qoşulmağı seçdik. Ukraynanın bu yolda üzləşdiyi bütün çətinliklərə baxmayaraq, hesab edirəm ki, düzgün seçim etmişik. Əlbəttə ki, NATO üzvü də olacağıq, Avropanın təhlükəsizlik sisteminin kollektiv modelini də təmsil edəcəyik. Bu bizim görüşümüz, vizyonumuzdur. Rusiyanın quldurcasına başlatdığı bu müharibə bizə növbəti dəfə göstərdi ki, təhlükəsizlik siyasətində Avropa xalqları ilə birlikdə olmalıyıq. Azərbaycan modeli barədə danışırıqsa, bu siyasətdə iki çox uğurlu şeyi qeyd etməliyəm. Birincisi, Heydər Əliyev elə yol seçdi ki, o, Azərbaycanın yeni təhlükəsizlik siyasəti qurulması zəruri olan ən çətin qonşu - Rusiya ilə münasibətlərində uzunmüddətli balansa imkan verdi. Azərbaycan bu istiqamətdə artıq uzun yol qət edib. Vurğulamaq istədiyim ikinci məqam isə Azərbaycanla Türkiyənin müdafiə sahəsində yaxınlaşmasıdır. Bu, çox ağıllı siyasət idi. Azərbaycan rəhbərliyinin son 30 ildəki bu siyasəti həm çevikliyini, həm də effektivliyini göstərib. Qafqazda heç də hamı müdafiə və təhlükəsizlik siyasətinin əllərində olduğunu, hər şeyə tam nəzarət etdiyini deyə bilməz. Amma Azərbaycan bütün bunları aydın şəkildə deyə və göstərə bilər. Bu modelə bütün qonşular hörmət edir, hamı onu başa düşür, qəbul edir. Hətta münasibətlərin qaydasında olmadığı Ermənistan da bunu qəbul edir. Ona görə də müzakirələr yaxşı mənada inkişaf edir və demək olar, hər gün prosesin başlanması, yaxınlaşma barədə yaxşı xəbərlər eşidirik. Bu kimi metodlardan digər sovet ölkələri örnək götürə bilər. Bir sözlə, Azərbaycanın bu 30 ildəki müdafiə və təhlükəsizlik siyasətini ancaq alqışlaya bilərəm”.

V.Yuşşenko vurğulayıb ki, bu gün Azərbaycan artıq regional liderdir:

"Bu gün kursu davam etdirən İlham Əliyevə böyük hörmətim var. Demək olar, hər il azı bir, alınanda isə iki dəfə Azərbaycana gedirəm. Hansısa dəyərli konfrans varsa, orada mütləq iştirak və çıxış edirəm. Çünki bu gün Azərbaycan artıq regional liderdir. Regionla bağlı olan məsələlərin əksəriyyəti Azərbaycansız gündəmə gətirilmir, müzakirə olunmur, Azərbaycansız qərar qəbul edilmir. Çünki Azərbaycan regionun öncül dövlətinə çevrilib. Azərbaycan siyasətinin təmin etdiyi təşəbbüslər, məsələn, qlobal forumların keçirilməsi rəğbətlə qarşılanır. Sizi təkcə Qazqaz regionunun yox, həm də bütünlükdə Avropanın və Asiyanın təhlükəsizlik siyasəti məsələləri maraqlandırırsa, yaz gələndə təqvimdə Qlobal Bakı Forumunun olduğunu nəzərə almalısınız və mütləq orada iştirak etməlisiniz. Bu ondan xəbər verir ki, Azərbaycan öz strategiyası ilə son illərdə ilk növbədə region, miqyası böyütsək, Avropa, xüsusilə də Şərqi Avropa üçün vacib olan siyasət formalaşdırıb. Buna görə də hər dəfə bu inkişafı hiss edir, Azərbaycanın Avropaya doğru əmin addımlarla irəlilədiyini görürük. İki il əvvəl Azərbaycan tarixində ilk dəfə Avropa bazarını 9 milyard kubmetr qazla təchiz etməklə bu istiqamətdə vacib addım atmış oldu. Başa düşürük ki, Avropa üçün qaz təkcə iqtisadi kateqoriya deyil, bu həm də bütün Avropanın ehtiyac duyduğu siyasətdir. Azərbaycan üçün də Avropanın enerji bazarının iştirakçısı olmağın nə dərəcədə önəmli olduğunu bilirik. Çünki başa düşürük ki, təhlükəsizlik siyasətindən sonra gündəmdə dayanan əsas məsələ enerji siyasətidir. Fərqi yoxdur, Avropa olsun, Ukrayna olsun, ya Azərbaycan. Ona görə də deyərdim ki, İlham Əliyev Azərbaycanın xarici siyasətini elə hala gətirib ki, bir çox məsələlərdə Azərbaycan özünü çox rahatlıqla solist kimi hiss edir. Bu, çox böyük uğurdur”.

Son xəbərlər

Orphus sistemi