“Ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. Təbii ki, Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılmasını hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması şərtləndirir. Keçirilən sorğunun nəticələri aydın göstərib ki, əhali ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ilin ikinci rübündə - aprel, iyun ayları ərzindəki fəaliyyətinin əks olunduğu “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı və “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusuna dair hesabatın ictimai təqdimatına həsr olunan brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, rəyi soruşulanların 70,7 %-i, yəni mütləq çoxluğu ölkə prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür: “24,6% respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir. Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, prezidentə olan inam və etimadının artdığını bildirən 24,6% respondentin 82%-i ordu quruculuğu istiqamətində onun fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta, inam və etimadının azaldığını bildirən 2,6% respondentin 27,6%-i də ordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirir”.
O qeyd edib ki, beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir: “Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9%-i tərəfindən çox səmərəli, 32%-i tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. 6,5% respondent kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, prezidentə olan inam və etibarının artdığını bildirən 24,6% respondentin 68,6%-i kadr islahatlarını yüksək qiymətləndirib. İnam və etimadının azaldığını bildirən 2,6% respondentin isə 8%-i kadr islahatlarını müsbət qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2%-i onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi - 74,3%-i korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir”.
E.Mirbəşiroğlu bildirib ki, ölkədə xüsusilə də son dövrlərdə korrupsiyaya qarşı mübarizə intensiv xarakter alıb: “Həyata keçirilən həm kadr islahatlarının, həm də institusional islahatların əsas hədəflərindən biri də məhz korrupsiya hallarının qarşısının alınmasından ibarətdir. Bu istiqamətdə ölkə prezidentinin fəaliyyəti 56,1% respondent tərəfindən çox səmərəli, 27,2% respondent tərəfindən isə əsasən səmərəli qiymətləndirilib.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə hələ müəyyən gözləntilərin qaldığı müşahidə olunur. Belə ki, rəyi soruşulanların 12,3%-i sözügedən istiqamətdə görülən işlərin çox da səmərəli olduğunu düşünmür. 4,4% respondent isə fikir bildirməkdə çətinlik çəkib. Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətə müsbət münasibət bildirən 56,1% respondentin 36,5%-i Nazirlər Kabinetinə, 33,4%-i isə Milli Məclisə etibar etdiyini qeyd edib”.