Bakı. 25 yanvar. REPORT.AZ/ "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulub".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri qeyd edib ki, belə bir qanun layihəsinin hazırlanması sosial sifarişdir: "Artıq layihə üzərində işlər yekunlaşıb. Hazırda hökumətin qərarını gözləyirik".
A.Naxçıvanlı bildirib ki, son zamanlar yeniyetmələr arasında intihar hallarının artması narahatlıq yaradır: "Uşaqlara qarşı təcavüz hallarının artması da günün mövzusudur. Yaxud da uşaqların qəyyumluq məsələsi də bu gün problemə çevrilib. Misal olaraq, komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4-5 müraciət olub. Deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evində seçmişik, lakin bu gün onun 4 yaşı var, amma hələ də onu qəyyumluğa götürə bilmirik. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".
O vurğulayıb ki, bu gün qeyri-rəsmi nikahların da sayında artım müşahidə olunur: "Sığınacaqda olan qadınların əksəriyyəti bu problemlə üzləşir. Ona görə də qanunvericilik bazasının möhkəmlənməsinə ehtiyac var".
A.Naxçıvanlı eyni zamanda, komitənin 2016-cı il payız sessiyası dövründə görülən işlər barədə də məlumat verib. O qeyd edib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: “Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli məclisdə 42 nəfər vətəndaş qəbul edilib.
Komitəyə daxil olan şikayətlərə nəzər yetirdikdə görürük ki, problemlər yenə də eyni olaraq qalır. Yenə də torpaq sahəsi istəmək, ev və ya uşaq problemləri, boşanma, eləcə də qadınlara qarşı zorakılıq halları qalır",
Müzakirələrin sonunda payız sessiyası dövründə komitənin gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.