Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub

Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub Bu münasibətlə bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub
Daxili siyasət
10 May , 2017 18:25
Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub

Bakı. 10 may. REPORT.AZ/ Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Ədliyyə Nazirliyində silsilə tədbirlər təşkil edilib, o cümlədən bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, Heydər Əliyev muzeyində gənc əməkdaşlarla görüş keçirilib, ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşulub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ədliyyə işçiləri mayın 10-da Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Sonra Nazirlikdə ümummilli liderin doğum gününə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs olunub. Tədbirdə iştirak edən H.Əliyev irsinin tədqiqatçısı, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova onunla bağlı xoş xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın məhkəmə-hüquq sisteminin, o cümlədən ədliyyə orqanlarının inkişafına qayğısından danışıb, Heydər Əliyev irsinin öyrənilməsində, həmçinin Azərbaycan və onun rəhbərindən bəhs edən bu əsərlərin gələcək nəsillərə dəyərli töhfə olduğunu deyib.

Çıxış edən ədliyyə işçiləri ümummilli liderin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib, dahi rəhbərin milli özünüdərkin formalaşmasında əvəzsiz rolunu vurğulayıb, onun dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olacaqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi