X Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını və 100 illik yubiley mərasimini keçirib.
"Report" xəbər verir ki, kitab dünyanın 68 dilinə tərcümə olunub.
Bu il kitaba dünya uşaq ədəbiyyatının sevilən nümunələrindən biri olan Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti də daxil edilib. Əsərdə uşaqların özünəməxsus dünyagörüşü, mühitin onlara təsiri, habelə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbayevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də qazax uşaq ədəbiyyatının şah əsərlərindən olan “Mənim adım Kojadır” povesti olduğunu söyləyib.
Fondun prezidenti rəhbərlik etdiyi qurumun Türk dünyasının zəngin irsinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə kitabın ilk dəfə Azərbaycan dilinə tərcümə edilərək oxuculara təqdim etdiyini bildirib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev kitabın çox əhəmiyyətli olduğunu vurğulayaraq Türk Mədəniyyəti və İrsi Fondunun böyük bir işə imza atdığını deyib.
Çıxışçılar bu cür tədbirlərin iki ölkə arasında mədəni əlaqələrə töhfə verəcəyini vurğulayıblar.
Qeyd edək ki, kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tərcümə edənlər Xanım Aydın, Rǝbiqə Nazimqızı, Xatirə Nurgül, redaktoru isə Fərid Hüseyndir.