Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin idarə olunması qaydası açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə İdarənin nizamnaməsində qeyd olunub.
İdarə öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. İdarənin idarəetmə orqanı onun İdarə Heyətidir.
İdarə Heyəti İdarəyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 üzvdən – İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.
İdarə Heyətinin sədrini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında Prezident vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyəti sədrinin müavinlərini İdarə Heyətinin sədri Azərbaycan Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
- təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Prezidentə və Şuşa rayonunda xüsusi nümayəndəsinə təkliflər vermək və sənədlər (o cümlədən İdarənin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
- İdarənin strateji məqsəd və planlarını müəyyən etmək;
- İdarənin fəaliyyətinə nəzarət etmək;
- İdarənin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikası Prezidentinin razılığı ilə təsdiq etmək, o cümlədən İdarənin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
- Prezidentin razılığı ilə İdarənin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin İdarənin nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
- İdarənin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
- İdarənin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
- İdarənin fəaliyyətinə dair illik hesabatı dinləmək;
- İdarənin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
- kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
- Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin razılığı ilə İdarənin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
- aidiyyəti şəxslə dəyəri İdarənin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
- İdarənin fəaliyyətini təşkil etmək;
- İdarənin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
- bu Nizamnamənin 3.1.34-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
- İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
- bu Nizamnamənin 3.1.28-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
- İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
İdarə heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
İdarə Heyətinin sədri idarənin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
- İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
- öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
- öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
- İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
- İdarənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
- özünün və İdarənin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
- müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində İdarənin struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
- İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
- bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin, o cümlədən onun nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
- İdarənin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
- bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində İdarənin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
- İdarənin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
- İdarənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
- İdarədə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
- İdarədə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
İdarə Heyətinin üzvləri isə İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
- İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
- İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
- İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;
- İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Mülki Məcəllənin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.