Sosial Tədqiqatlar Mərkəzi (STM) “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu keçirib.
Qurumdan “Report”a bildirilib, Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı antiböhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir:
"Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır. Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən məmnuniyyət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Ölkələr üzrə karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı 28 fevral tarixli qərara əsasən, qanunun tələblərinə uyğun şəkildə cərimə, yaxud inzibati qaydada həbs tədbirləri həyata keçirilməyə başlanıb. Bu məqsədlə Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər və dövlət başçısı tərəfindən imzalanan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Fərmana əsasən, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə həvalə olunub. İnzibati Xətalar Məcəlləsinə 17 mart tarixli dəyişikliyə əsasən, ölkədə epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin qaydalarının pozulmasına görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, hüquqi şəxslərin 2 000 manatdan 5 000 manatadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə olunması, yaxud işlərin hallarına görə xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs olunması nəzərdə tutulub. 2 iyun tarixində sözügedən Məcəlləyə karantin rejimində qoruyucu vasitələrdən istifadə olunmaması ilə bağlı yeni cərimə növləri əlavə olunub.
Belə ki, qoruyucu vasitələrdən istifadə olunmamasına görə fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin 200 manat məbləğində cərimə olunması təsdiqini tapıb. Həmçinin qayda pozuntusunun bir il ərzində təkrar törədilməsi halında fiziki şəxslərin 100 manat, vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin 400 manat cərimələnməsi nəzərdə tutulub. Lakin karantin qaydalarına əməl olunmamasına dair faktların dinamikasındakı yüksəliş qeyd olunan cərimə miqdarlarının artırılması ilə nəticələnib. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə 29 iyun tarixində edilən dəyişikliklə qeyd olunan cərimə miqdarlarının iki misli miqdarında artırılması öz təsdiqini tapıb.
Səhiyyə şokunun minimumlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin effektivliyinin artırılması istiqamətində karantin qaydalarına riayət olunması əhəmiyyətli bir faktordur. Cəmiyyətin sosioloji strukturu, davranış və stimullarını nəzərə alaraq bu istiqamətdə qayda pozuntularının minimumlaşdırılması və sosial həmrəyliyin təşviqi antiböhran idarəçiliyinin mühüm tərkib elementi kimi dəyərləndirilməlidir. İndiki halda mümkün mənfi kənar təsirləri azaltmaq istiqamətində karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və onların miqdarına ictimai münasibətin öyrənilməsi də tədqiqatın əsas prioritetlərindən biri kimi xarakterizə edilə bilər. Belə ki, karantin qaydalarını pozan şəxslərin cərimələnməsi təşəbbüsünə respondentlərin mövqeyi müvafiq olaraq 79,6% müsbət, 17,5%-lik göstərici ilə mənfi kimi xarakterizə edilə bilər. Sonrakı sorğu mərhələsində tətbiq olunan cərimə miqdarları ilə bağlı müna- sibət isə fərqli trendlə müşahidə edilir. Nəticələrə əsaslanaraq qeyd edə bilərik ki, cərimə miqdarlarını müsbət qiymətləndirən respondentlər ümumi rəyi öyrənilənlərin 55,9%-ni təşkil etdiyi halda əks mövqedən çıxış edənlər 37,4%-lik göstərici ilə təmsil olunurlar.
Son mərhələdə keçirilən sorğu nəticələri isə cərimə miqdarlarının təkrar artırılmasının 67% respondent tərəfindən müsbət qiymətləndirildiyini göstərir. Maraqlı məqam ondan ibarətdir ki, cəmiyyətdə karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibət müsbət olduğu kimi (79,6%) cərimə miqdarlarının artırılmasına da münasibətdə müsbət mövqe üstünlük təşkil edir. Birinci qrupa aid olan (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu) respondentlərin 57,3%-i karantin rejimini pozan şəxslərə tətbiq olunan cərimə miqdarı ilə bağlı qərarları müsbət qiymətləndirdiyi halda, digər şəhər və rayonları özündə cəmləşdirən ikinci qrup respondentlərin 54,8%-i sözügedən istiqamətdə verilmiş qərarları müsbət qiymətləndirib.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən pandemiya ilə mübarizə çərçivəsində dövlətin antiböhran siyasətinin demək olar ki, bütün mərhələlərində verilmiş qərarlara ictimai rəy öyrənilərək müvafiq nəticələr təsbit edilib. Koronavirus (COVID-19) pandemiyasının inkişaf trayektoriyası ilə bağlı fərqli optimist və pessimist ssenarilər əsasında qarşıdakı mərhələlərdə veriləcək strateji qərarlar, həyata keçiriləcək qabaqlayıcı tədbirlər və dövlətin sosial-iqtisadi dəstək təşəbbüsləri sözügedən ictimai rəyin nəticələrinə əsaslanmaqla antiböhran idarəçiliyi üçün xüsusi əhəmiyyət kəsb edə bilər".