XIX və XX əsrlərin müxtəlif illərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların miqyasına görə ən dəhşətlisi 1918-ci ilin martında olub. Ölkəmizin bir çox bölgələrində baş vermiş qətliamlar Lənkərandan da yan keçməyib.
“Report”un Cənub Mərkəzi əməkdaşları həmin dövrün tarixinə nəzər salıb.
1917-ci il oktyabr çevrilişindən sonra Rusiya imperiyasının tərkibində olan milli ucqarlarda hərc-mərclik başlayıb. Bu işi Qafqazda ermənilər və onların havadarları həyata keçirib. Erməni və ermənipərəst rus hərbiçilərinin quldur dəstəsi Mir Əhməd xanın evini ələ keçirərək buranı özlərinə qərərgah ediblər. Onlar ağalıq etdikləri 9 ay ərzində Lənkəran qəzasında yaşayan qeyri-müsəlmanlara qarşı təxribatlar törədir, sonra qanun-qaydanın bərpası adı ilə kəndlərə basqınlar edib, günahsız insanlara qarşı qarət və qətliamlar törədiblər.
Sütəmurdov kənd məscidinin həyətində o günlərin qurbanı olan 13 nəfər dəfn edilib. Lakin bir məzarda. Babası qətlə yetirilənlər arasında olan Hacı Fəxri Sadıqov deyir ki, erməni – rus hərbiçilərinin kənd camaatına ziyan verməsinin qarşısını almaq üçün onlarla danışığa gedən 13 kənd ağsaqqalı aldadılaraq qətlə yetirilib. Meyitləri tikə-tikə doğrayaraq iki yeşikdə çay kənarında basdırıblar. Hərbiçilər gedəndən sonra yerli sakinlər həmin insanların basdırıldığı yeşikləri tapıb. Meyitləri ayrı-ayrılıqda dəfn etmək mümkün olmadığından Sütəmurdov kənd qəbiristanlığının qarşısında torpağa dəfn ediblər.
Erməni quldurlarının törətdikləri qətliamlar Lənkəran qəzasının 40 kəndində daha şiddətli şəkildə həyata keçirilib. Gərmətük, Mamusta, Kərgəlan, Girdəni, Veravul və digər kəndlərdə də xüsusi qəddarlıqla müşaiyyət olunub. Evlər talan edilib, yandırılıb. Təkcə Gərmətük kəndində bir gündə 70 nəfərə işgəncələr verilib və ya öldürülüb. Dənizdən mütəmadi olaraq top atəşlərinə tutulan, basqınlara məruz qalan kəndlərin sakinləri canlarını qurtarmaq üçün yaxınlıqdakı meşələrə üz tutub. Erməni quldurları meşələrdə qaçaqların olduğundan ehtiyatlandığından onları təqib etməyib.
Qətliamlara 1919-cu ilin yayında, Camal Paşanın komandanlığı ilə Lənkəran qəzasına daxil olan Qafqaz İslam Ordusunun 300 nəfərlik süvari dəstəsinin gəlişi ilə son qoyulub. Döyüşlərdə həlak olan Camal Paşa və daha bir türk Astarada məscidinin həyətində dəfn ediliblər.