Yuxarı
    Bağlamaq

    ​Sərdar Cəlaloğlu: "Azadlıq-2015 Seçki Blokunun perspektivi yoxdur"

    Məsələ çoxluqda deyil, sayla keyfiyyət tərs mütənasibdir

    Bakı. 5 fevral. REPORT.AZ/ "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalarla birliyin, ittifaqın perspektivi yoxdur. Çünki hər bir qurumun möhkəmliyi həmin birliyin elementlərinin uyğunluğu ilə bağlıdır. Əgər bütövü təşkil edən ayrı-ayrı elementlər uyğun deyilsə, struktur heç vaxt möhkəm ola bilməz".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyaların bir-birləri ilə uyğunluqları yoxdur: "Burada birlik uzunömürlü ola bilməz. Ona görə də həmin birlikdə iştirakdan imtina etdim. Burada məsələ çoxluqda deyil, sayla keyfiyyət tərs mütənasibdir".

    S.Cəlaloğlu hələlik ADP-nin seçki ilə bağlı qərar vermədiyini də qeyd edib: "Hələ seçki ilə bağlı qərar verməmişik. Biz seçkiyə Müsavat və Ümid Partiyası ilə getməyi düşünürük. Amma Müsavatla seçkidə iştirak etmək mümkün olmazsa, Ümid Partiyası ilə iştirak edəcəyik. Uzun illərdir, Ümid Partiyası ilə müttəfiqlik edirik. Biz təkbaşına da seçkiyə gedə bilərik, yəni varinatlar çoxdur. Bu məsələ partiya daxilində də müzakirə olunur".

    Qeyd edək ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin sonuncu toplantısında 8 siyasi partiya - Azərbaycan Xalq Partiyası (AXP), Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası( KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası (AzDP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Böyük Azərbaycan Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) "Azadlıq-2015" Seçki Blokunun yaradılması ilə bağlı qərar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi