​Sərdar Cəlaloğlu: "Hakimiyyətə loyal münasibət göstərmək lazımdır"

​Sərdar Cəlaloğlu: "Hakimiyyətə loyal münasibət göstərmək lazımdır" ADP sədri: "İndi İqbal Ağazadə parlamentdə təmsil olunur, deyirlər, satqındır"
Daxili siyasət
30 Oktyabr , 2014 11:47
​Sərdar Cəlaloğlu: Hakimiyyətə loyal münasibət göstərmək lazımdır
Bakı. 30 oktyabr. REPORT.AZ/ "Deyiriksə ki, dövlət kimi hər tərəfdən düşmən qüvvələrlə əhatə olunmuşuq, belə vəziyyətdə iqtidarla radikal mövqedə durmaq yolverilməzdir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O qeyd edib ki, beynəlxalq vəziyyət dəyişirsə, Azərbaycan müxalifəti də dəyişməlidir: "Hazırkı beynəlxalq konyuktura elə bir vəziyyətdədir ki, indiki şərtlər daxilində hər hansı bir ölkədə hakimiyyətlərin dəyişilməsi üçün zəmin yoxdur. Əks addım atılarsa, bu, həmin dövlətlərin məhvinə səbəb ola bilər. Yaxın Şərq hadisələri buna əyani sübutdur. Hakimiyyətə qarşı loyal olmaq lazımdır. Suriyadakı müxalifət liderlərindən biri deyirdi ki, başladılan demokratiya uğrunda mübarizə ölkənin dağılmasına səbəb oldu. Onlar artıq peşman olublar. Mən də onlara baxıb, o cür addımlar atmaq istəmirəm. Bu səbəbdən də loyal münasibət bəsləyirəm. Məni ittiham edənlər dünyadakı dəyişikliklərə baxmırlar. Beynəlxalq konyukturanı nəzərə almadan siyasət yürütmək xalqa xəyanətdir, naşılıqdır. Azərbaycan müxalifəti qətiyyən dəyişmək istəmir".

S.Cəlaloğlu bildirib ki, köhnə ənənə ilə aparılan siyasi mübarizə demokratiyaya xidmət etmir: "Onlar düşünürlər ki, parlamentdə Milli Şura təmsil olunacaqsa, bu, müxalifətin qələbəsi, Milli Məclisə İnsan Haqları Mərkəzinin nümayəndələri seçiləcəksə, müxalifətin itkisi sayılacaq. Bu, düzgün yanaşma deyil. Özləri iki dəfə parlamentdə təmsil olundular. Onda dedilər ki, bu, demokratiyanın nəticəsidir. İndi İqbal Ağazadə parlamentdə təmsil olunur, deyirlər, satqındır. Başqalarının edəcəkləri hər şeyi xəyanət adlandırırlar. Sevinərəm ki, təmsil olunduğumuz Mərkəz parlamentdə müxalifət fraksiyasını təşkil etsin. Az-çox müxalifət mövqeyi Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində qalıb".

Son xəbərlər

Orphus sistemi