30 ildən sonra ilk dəfə olaraq sentyabrın 1-də Azərbaycanın bütün ərazilərində Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. VII çağırış Milli Məclisə seçkilərin keçirilməsi isə xüsusi əhəmiyyətli bir gün kimi ölkə tarixində özünəməxsus yer tutacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov "Report"a müsahibəsində seçki prosesi, görülən işlər, seçki gününə hazırlıq, azad edilən ərazilərdə seçkilərin təşkili, namizədlərin təşviqat kampaniyası və digər məsələlərlə bağlı danışıb:
- Seçki prosesinin gərgin bir vaxtında, sıx iş qrafikinizə baxmayaraq bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Rövzət müəllim, Mərkəzi Seçki Komissiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə necə hazırlaşır? Artıq demək olarmı ki, MSK seçkilərin təşkili və keçirilməsi prosesinə tam hazırdır?
- Əvvəlcə, seçkilərin hazırlanıb keçirilməsi prosesində digər media qurumları kimi MSK ilə yaxından əməkdaşlığınıza görə sizə təşəkkür edirəm. Yaydığınız informasiyalar müxtəlif seçki subyektlərinin maariflənməsində əhəmiyyətli rol oynayır. Sualınıza gəldikdə isə bildiyiniz kimi, iki aylıq marafonun sonuna çatırıq. MSK “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiq edib. Bu, seçkilərlə bağlı başlıca praktiki, hüquqi və əməli məsələləri özündə ehtiva edən bir sənəddir. Həmin təqvim planında göstərilən mərhələlərə uyğun olaraq bütün zəruri addımlar atılır.
Bundan əlavə, MSK tərəfindən fərqli statuslu seçki iştirakçılarının maarifləndirilməsi istiqamətində də ardıcıl və sistemli şəkildə genişmiqyaslı layihələr gerçəkləşdirilib. Xoşbəxtlikdən bu günədək nəzərdə tutduğumuz bütün işləri uğurla başa vurmuşuq. İndi seçkilərə son hazırlıq işləri görülür. Bildiyiniz kimi, respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların hamısı artıq səsvermə gününə hazırdır. Məntəqələrin təşkili, yerləşməsi, təchizatı, komissiya üzvlərinin marifləndirilməsi və digər hazırlıq işləri başa çatdırılıb. Demək olar ki, yalnız bülletenlərin seçki məntəqələrinə təqdim olunması qalıb. O proses də qanunvericilikdə nəzərdə tutulmuş vaxtda tam başa çatdırılacaq.
Sizə də məlumdur ki, iki növ seçki məntəqələri var. Onlardan biri daimi seçki məntəqələridir. Həmin məntəqələrin sayı 6 min 343-dür. Digəri isə seçki idarəçilərinin dili ilə qeyd etsək, beş günlük (müvəqqəti - red) seçki məntəqələridir. Həmin məntəqələrin sayı 135-dir və onlar da artıq fəaliyyətə başlayıb. Ümumilikdə 6 milyon 421 min 960 seçicimiz var. MSK səsvermə günü üçün lazım olan bütün addımların atılması istiqamətində işləri tamamlayıb. Ümid edirik ki, seçki günü səsvermə prosesi də seçicilərin fəallığı şəraitində və sakit bir atmosferdə keçəcək.
- 30 ildən sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçiriləcək. Budəfəki seçkilərə ictimaiyyət və beynəlxalq aləmin diqqətini necə qiymətləndirirsiniz?
- İctimaiyyətdə səsləndirildiyi kimi, biz də bu il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərini "Zəfər seçkiləri" adlandırdıq. Hesab edirəm ki, bu, ən düzgün adlandırma idi. Qeyd etdiyiniz kimi, uzun illər işğal altında olan Azərbaycan torpaqlarında Milli Məclisə seçkilər də keçiriləcək. Fikrimcə, bu seçkiləri də "Zəfər seçkiləri" adlandırmaq olar. Artıq MSK Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə seçki məntəqələrinin yaradılması, onların yerləşməsi, təchizatı və digər məsələlərlə əlaqədar işləri tamamlayıb. Onu da vurğulayım ki, beynəlxalq ictimaiyyətin də budəfəki seçkilərə marağı böyükdür. Hər kəsə bəllidir ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu mötəbər tədbirin keçirilməsi də beynəlxalq aləmin diqqətini üzərimizə çəkir. Əlbəttə bütün bunlar o demək deyil ki, hər kəs Azərbaycanın uğuruna sevinir.
Bəziləri xoşagəlməz əsassız məlumatlar tirajlamağa da çalışır. Azərbaycanın uğuruna qərəzli yanaşanlar çalışırlar ki, hansısa məqamı tapıb onu şişirtsinlər. Nəzərə alsaq ki, indiyədək belə bir faktlara söykənən məqamın şişirdilməsinin şahidi olmamışıq, bu o deməkdir ki, onların əlinə heç bir bəhanə keçməyib. Hazırda ölkədə kifayət qədər uğurlu, sivil tələblərə cavab verən seçki mühiti mövcuddur. Beynəlxalq aləmin də seçkilərə yanaşması yetərincə adekvatdır. Bütün proseslər azad, şəffaf və ədalətli seçkilərin keçirilməsinə hesablanıb. Namizədlərin irəli sürülməsi, qeydə alınması, seçkiqabağı təşviqat kampaniyası, eləcə də bütün seçki subyektlərini əhatə edən digər irimiqyaslı proseslər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib. Əminəm ki, bu fikirləri seçkidən sonra da səsləndirə biləcəyik.
- Hazırda seçki prosesinin ən həssas dövrü sayılan seçkiqabağı təşviqat mərhələsidir. Namizədlərin təşviqat kampaniyası çərçivəsində qanun pozuntularına yol verməsi ilə bağlı MSK-ya hər hansı bir müraciət daxil olubmu?
- MSK-ya bu günə qədər namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntularına yol verdiklərinə dair heç bir müraciət daxil olmayıb. Namizədlərin təşviqat kampaniyası indiyədək bir-birlərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir. Onlar öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, sualları cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli “Qaynar xətti”nə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların mütləq əksəriyyəti sorğu xarakterlidir.
Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə "qaynar xəttimi"zə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub. Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 min 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3469-u açıq, 2037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır.
Onlar dairə seçki komissiyalarına məlumat verməklə, heç bir icazə almadan həmin yerlərdən ödənişsiz şəkildə istifadə edərək öz seçiciləri ilə görüşə bilirlər. Şahidi olduq ki, 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə olduğu kimi, bu seçkilərdə də namizədlər məhəllələrə gedərək öz seçiciləri ilə görüşürlər. Əlbəttə, MSK-nın təşviqat prosesindəki vəzifələrindən biri də bərabərliyin təmin olunmasıdır. Bu istiqamətdə də bütün lazımi addımları atmışıq. Belə ki, seçkiqabağı təşviqat kampaniyası zamanı ödənişli əsaslarla namizədlərin məlumatlarını işıqlandırmaq niyyətində olan və MSK-ya müraciət edən 58 media subyektinin hamısının məlumatları Komissiya tərəfindən qəbul olunub və internet səhifəmizdə yerləşdirilərək ictimailəşdirilib.
Bütün namizədlər həmin media subyektlərindən istifadə edərək məlumatlarını seçicilərinə çatdıra bilirlər. Bizim əsas məqsədimiz bütün namizədlərin bərabər şəkildə media subyektlərinə çıxış imkanının olmasıdır. Çalışırıq ki, bərabərlik prinsipi gözlənilməklə və eyni şərtlər daxilində bütün namizədlər üçün media subyektlərində məlumatlarını paylaşmaları əlçatan olsun. Hazırda da təşviqat kampaniyası ciddi şəkildə izlənilir. Bu proses qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və bütün namizədlərin öz addımlarını azad, sərbəst şəkildə atması ilə xarakterizə olunur.
- Hazırda azad edilmiş ərazilərdə seçkilərin təşkili üçün hansı işlər görülür? Bildiyimizə görə, bu ərazilərdə 54 seçki məntəqəsi yaradılıb. Zəhmət olmasa, həmin məntəqələrdə yaradılan şərait və orada səsvermə hüququna malik seçicilərlə bağlı məlumat verərdiniz... Azad olunmuş ərazilərdə nə qədər seçici Milli Məclisə seçkilərdə ilk dəfə səsvermə hüququndan istifadə edə biləcək?
- Respublikamızın hər yerində olduğu kimi, azad olunmuş ərazilərdə də seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi bizim əsas prioritetlərimizdən biridir. Digər ərazilərdə olan həmkarlarımız bizdən inciməsinlər, amma qeyd edim ki, azad olunmuş ərazilərdə bu prosesləri həyata keçirmək bizim üçün ayrı bir qürur mənbəyidir. Bilirsiniz ki, 30 ilə yaxın o ərazilərin həsrətini çəkmişik. Ona görə də bu, bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Milli Məclisə seçkilərin ilk dəfə həmin ərazilərdə keçirilməsi xüsusi bir məqamdır. Həmin ərazilərdə olan məntəqələrə məxsusi diqqət ayrılıb. Orada səkkiz yeni məntəqə yaradılıb. Son aylarda müvəffəqiyyətlə həyata keçirilən Böyük Qayıdış prosesi zamanı öz ata-baba yurdlarına köçürülmüş seçicilərimiz üçün də lazımi addımlar atılıb. Onu da qeyd etmək istədirdim ki, o ərazilərdə çox gözəl binalar inşa olunub. Binaların hamısı yüksək standartlara cavab verir. Həmin binalardan istifadə edərək seçicilər üçün şərait yaratmışıq. Milli Məclisə seçkilərlə əlaqədar azad olunmuş ərazilərdə yaradılmış 54 seçki məntəqəsindən 34-ü daimi, 20-si isə müvəqqəti əsaslarla fəaliyyət göstərən məntəqələrdir. Həmin ərazilərdəki səsvermə hüququna malik seçicilərin sayı 42 mindən yuxarıdır.
- Bəs ölkə üzrə Milli Məclisə seçkilərdə ilk dəfə səsvermə hüququndan istifadə edəcək şəxslərin sayı nə qədərdir?
- Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək şəxslərin sayı 51 min 141 nəfərdir. MSK başda olmaqla, bütün seçki komissiyaları əlindən gələni edir ki, onlar həmişə seçki prosesinə maraq göstərən seçicilər olaraq formalaşsınlar və seçkilərdə mütəmadi iştirak etsinlər. İlk dəfə səs verən seçicilərin seçkilərdə iştirakı təqdirəlayiq bir məqamdır. Seçki günü - sentyabrın 1-də 374 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər. MSK-nın sözügedən gənclər üçün də xüsusi layihəsi var. Çalışırıq ki, onlar həmin günü xoş və qürurverici bir xatirə kimi daim yadda saxlasınlar.
- Qeyd etdiyiniz kimi, bu il fevralın 7-də keçirilmiş Prezident seçkiləri Azərbaycan tarixinə "Zəfər seçkiləri" kimi düşdü. Azad olunmuş ərazilərdə həmin seçkiləri bir sıra beynəlxalq təşkilatların və qurumların nümayəndələri də izlədilər. Ancaq təəssüflər olsun ki, bəziləri öz qərəzini bu dəfə də göstərərək oradakı seçkiləri müşahidə etmədilər. MSK tərəfindən həmin təşkilat və şəxslərə bu dəfə də oradakı seçkiləri izləmək üçün tövsiyə və çağırışlar edilibmi?
- Bu çox önəmli məsələdir. İndiyə qədər emal olunmuş məlumata əsasən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 50 qurumu təmsil edən və 69 ölkənin vətəndaşları olan, ümumilikdə 604 beynəlxalq müşahidəçi qeydə alınıb.
Onların arasında böyük qruplarla təmsil olunan təşkilatlar da var. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda ATƏT Parlament Assambleyası, MDB-nin seçki müşahidə missiyası, bir çox ölkələrin parlamentləri və ayrı-ayrı ölkələrin ali seçki qurumlarının nümayəndələri də müşahidəçilər sırasına qoşulub.
Onu da qeyd edim ki, Azərbaycan tərəfindən 82 quruma seçkiləri müşahidə etmək üçün dəvətlər ünvanlanıb. Onların 48-i Milli Məclis, 7-si Xarici İşlər Nazirliyi, 27-si isə MSK tərəfindən özünün həmkar qurumlarına göndərilən dəvətlərdir. Hazırda ölkədə keçirilən seçkilərə fəal beynəlxalq marağın şahidiyik. İşğaldan azad olunmuş ərazilərdə müşahidəçiliklə bağlı 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərində bəzi qurumlara müraciət etsək də, onlar həmin ərazilərdə müşahidəçiliyə, səsverməni izləməyə o qədər də həvəsli yanaşmırdılar.
Halbuki biz bunu dəfələrlə görüşlərdə də səsləndirmişdik, çağırışlar da etmişdik. Ümid edirəm ki, bu dəfə azad olunmuş ərazilərdə müşahidə aparan beynəlxalq müşahidəçilərin sayı daha çox olacaq, beynəlxalq təşkilatlar respublikanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də keçirilən səsvermə prosesinin müşahidəsində iştirak edəcəklər. Biz azad olunmuş ərazilərdə seçkilərin müşahidəsi ilə əlaqədar istənilən texniki yardımla bağlı məsələlərdə onlara kömək etməyə hazırıq.
- Rövzət müəllim, bəzi vətəndaşlar var ki, şəxsiyyət vəsiqələrinin müddəti bitib. Həmin vətəndaşlar da seçkilərdə iştirak edə biləcəklərmi?
- Bu, bizim üçün çox önəmli məqamdır. Əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atmışıq. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə, həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq.
- Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-də başa çatıb. Artıq seçki bülletenlərinin aşağı seçki komissiyalarına verilməsinə başlanılıb. Bu proses nə vaxt yekunlaşacaq?
- Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə üç gün qalmışadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatdırılmalıdır. Artıq Mərkəzi Seçki Komissiyası avqustun 26-da seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) təhvil verilməsi prosesini bitirib. Hazırda DSK-lar seçki bülletenlərini məntəqələrə paylamağa başlayıb. Avqustun 29-dək bu proses də yekunlaşacaq. Qeyd etmək istəyirəm ki, seçki bülletenlərinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada və yüksək səviyyədə təmin olunur.
- MSK parlament seçkilərini müşahidə etmək üçün ümumilikdə neçə quruma müraciət edib və onlardan neçəsi müsbət cavab verib? Nə qədər yerli və beynəlxalq müşahidəçi qeydiyyatdan keçib?
- Milli Məclisə seçkilərin müşahidəsi ilə əlaqədar MSK 27 tərəfdaş ali seçki qurumuna dəvət göndərib. Onlardan yeddisinin sədri bilavasitə seçki prosesinin müşahidəsində iştirak edəcək. Ümumiyyətlə dəvət olunan qurumların böyük əksəriyyəti seçkilərə müşahidəçi kimi qoşulacaqlar. Bir daha xatırladım ki, indiyə qədər emal olunmuş məlumata əsasən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 69 ölkə və 50 qurumdan olan 604 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Hesab edirəm ki, bu, kifayət qədər böyük rəqəmdir. Əvvəllər olduğu kimi, bu seçkilərdə də qeyri-hökumət təşkilatları, o cümlədən siyasi partiyalar və vətəndaşlar aktivlik nümayiş etdirirlər. Milli Məclisə seçkilərdə 25 siyasi partiya namizədləri ilə təmsil olunur. Müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, siyasi partiyalar hətta öz namizədlərinin iştirak etmədiyi dairələrdə belə müşahidəçilik aparmağa çalışırlar. Bunun strateji yanaşma olduğunu anlamaq çətin deyil. Siyasi partiyalar gələcəkdə seçkilər zamanı öz strateji xətlərini müəyyənləşdirmək üçün bütün respublikada seçki müşahidəsi aparmaqda maraqlıdırlar. Parlament seçkiləri ilə əlaqədar yerli müşahidəçilərin sayı 109 mini ötüb. Onların təxminən 65 mini siyasi partiyaların təmsilçiləridir, 5 mindən çoxu isə QHT və vətəndaş cəmiyyətini təmsil edir. Bu əvvəlki parlament seçkiləri ilə müqayisədə daha yüksək rəqəm olmaqla, ictimaiyyətin seçkilərə marağını əks etdirir. Bunlar şəffaflıq naminə atılmış addımdır və biz də bunu yüksək qiymətləndiririk. Bir daha yerli müşahidə missiyasına qoşulan qurum və təşkilatlara təşəkkür edirik.
- Azərbaycanda hazırkı seçkiləri dünyanın istənilən yerindən onlayn qaydada da izləmək mümkündür. MSK tərəfindən bunun üçün 119 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılması təmin edilib və müşahidə üçün də heç bir qeydiyyat tələb olunmur. Maraqlıdır, sizdə həmin veb-kameralara daxil olaraq seçkiləri (məsələn, fevralın 7-də keçirilmiş Prezident seçkiləri) müşahidə edənlərin sayı ilə bağlı hər hansı statistika varmı? Əsasən, hansı ölkələrdən seçkilər veb-kameralar vasitəsilə müşahidə edilib?
- Biz seçkilərdə veb-kameraların tətbiqindən fəxr hiss ilə danışırıq. Çünki bu, Azərbaycan layihəsidir və kifayət qədər uğurludur. 2008-ci ildən başlayaraq bütün seçkilərdə veb-kamera təcrübəsindən istifadə olunub. İstənilən şəxs seçki günü saytımıza daxil olaraq veb-kameralar vasitəsilə məntəqələrdə baş verən bütün prosesləri heç bir maneə olmadan müşahidə edə bilir. Həmişə də diqqətə çatdırmışıq ki, veb-kameralarla prosesi izləmək üçün heç bir qeydiyyat tələb olunmur. İstənilən internet istifadəçisi səsvermə prosesini müşahidə edə bilər.
Sualınıza cavab olaraq internet səhifələrimizlə bağlı statistikanı da təqdim edirəm. 2020-ci ildə Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərdə MSK-nın internet səhifələrinə olan baxış sayı 5 milyon 46 min 294, 2024-cü ildə keçirilmiş Prezident seçkiləri zamanı 3 milyon 942 min olub. Bunlar kifayət qədər böyük rəqəmlərdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim bu göstəriciyə veb-kameralara olan baxış sayı daxil deyil. Veb-kameralara baxışa gəlincə, əlbəttə, biz hər hansı bir layihənin qiymətləndirilməsi üçün statistik göstəriciləri təhlil edirik.
Çalışırıq ki, atdığımız hər addımdan öyrənilmiş bir dərslə ayrılaq. 2020-ci ildə Milli Məclisə keçirilmiş seçkilərdə veb-kameralar üzərindən proseslərə baxış sayı 227 min 866 olub. Bəzən şahidi olurduq ki, istifadəçilər saatlarla bu prosesi izləyirlər. Yəni o deməkdir ki, 227 mindən yuxarı, belə demək olarsa, onlayn müşahidəçimiz olub. 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə təxminən Azərbaycan daxilində bu prosesdə baxış sayı 185 mindən yuxarı olub, xarici ölkələrdən isə 43 minə yaxın olub. İlk dördlüyü diqqətinizə çatdırmaq istəyirəm - Rusiya, Estoniya, ABŞ, Türkiyə. Bu ölkələrdən kifayət qədər böyük baxış sayı statistikamızda yer alır. 2024-ci ildə keçirilmiş Prezident seçkiləri zamanı da bu layihənin qiymətləndirilməsi mərhələsində rəqəmlər təhlil olunub. Burada təxminən 468 min 694 istifadəçi baxışı olub.
Bu, yarım milyona yaxın bir saydır. 430 mindən çox baxış Azərbaycan daxilində olub, ölkədən kənarda isə 35 minə yaxın baxış olub. Burada ilk yerdə ABŞ, ikinci yerdə Türkiyə, üçüncü yerdə Böyük Britaniya, dördüncü yerdə isə Rusiya gəlir. Bu baxış sayları minlərlədir. Məhz bu statistika Azərbaycanda keçirilən seçkilərə beynəlxalq ictimaiyyətin marağının daha bir göstəricisidir. Ümid edirik ki, qarşıdan gələn seçkilər zamanı da eyni marağın şahidi olacağıq. Veb-kameralar üzərindən Azərbaycanda və ya xaricdə olan maraqlı şəxslər heç bir maneə olmadan səsvermə günü bütün prosesləri müşahidə etmək imkanına malikdirlər.
Foto: Samirə Həsənova