Baku TV-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı yayımlanıb.
“Report” xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycan İcmasının sözçüsü, jurnalist-araşdırmaçı Ülviyyə Zülfiqarın həyat hekayəsinə həsr olunub.
O, həyatında Qərbi Azərbaycan mövzusunun böyük anlam daşıdığını, Şəmkirdə doğulub boya-başa çatsa da, soykökünün İrəvanla bağlı olduğunu bildirib, daşnaklar tərəfindən ata-babasının ailəsinin başına gətirilən müsibətlərdən söz açıb.
Ü.Zülfiqar ermənilərin toponimlərimizi dəyişdirdiyini faktlarla əsaslandırıb, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb, Qayıdış Konsepsiyasının hüquqi sənəd kimi beynəlxalq təşkilatlarda yayıldığını xatırladıb.
Sözçü Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın doğma yurd-yuvalarına qayıtmasının zəruri şərt olduğunu diqqətə çatdırıb: “Nəinki 1988-1991-ci illərdə deportasiya olunan soydaşlarımız, hətta onların varisləri, yəni mənim kimi, ikinci, üçüncü nəsil varislər də geri qayıtmaq istəyirlər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ülviyyə Zülfiqarın “Həyat hekayəsi”nə bu gün Baku Tv-nin efirində və yutub kanalında baxa bilərsiniz.