Qərbi Azərbaycan Xronikası: “Evində dəfələrlə çörək kəsən erməni yeznəmi başından balta ilə vurdu”

Qərbi Azərbaycan Xronikası: “Evində dəfələrlə çörək kəsən erməni yeznəmi başından balta ilə vurdu” Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Daxili siyasət
15 Dekabr , 2023 21:08
Qərbi Azərbaycan Xronikası: “Evində dəfələrlə çörək kəsən erməni yeznəmi başından balta ilə vurdu”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

"Report" xəbər verir ki, “Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” adlı buraxılış iki dəfə deportasiyaya məruz qalan 78 yaşlı İrəvan sakini Sudif Fətəliyevin həyat hekayəsinə həsr olunub.

O, 5-6 yaşında deportasiya olunduqlarını, yük vaqonlarında Azərbaycana gətirildiklərini deyib: “Bizi Yevlax şəhərində vaqonlardan düşürdüb at arabaları ilə kəndlərə yerləşdirdilər. Çox əzablı, çətin günlər idi. Stalin öləndən sonra 1955-ci ildə biz yenidən öz doğulduğumuz ata-baba torpağa - Qərbi Azərbaycana qayıtdıq”.

Onun sözlərinə görə, geri qayıdan zaman İrəvan şəhərində olan evlərini ermənilər ələ keçirib və məcburiyyət qarşısında keçmiş Uluxanlı, sonradan Masis adlanan rayonun Qulucan kəndində məskunlaşıblar: “Bizim şəhərdəki evin yerində “Rossiya” kinoteatrı tikildi. Onun yanında da Gedər çayının sağ sahilində bizim evlər idi. İkimərtəbəli evimiz artıq əlimizdən çıxmışdı”.

Uşaqlıq illərində suda boğulmaq təhlükəsi ilə üzləşdiyini söyləyən S.Fətəliyev bacısına minnətdar olduğunu bildirib: “1946-cı ildə mən hələ bir yaşında idim. İrəvan şəhərində Gedər deyilən çay daşmışdı, evimizi su basmışdı. Bütün hamı yuxarı hissəyə qaçanda məni unudublar. Son anda məni bacım və qardaşım xilas ediblər”.

İki dəfə deportasiya olunsa da, doğma Vətəni yenidən görmək istədiyini vurğulayan İrəvan sakini deyib: “Birinci deportasiya 1948-1950-ci illər arasında olub. Nəhayət, 1988-ci ildə yenidən deportasiya başladı. Bu, mənim ikinci deportasiyam oldu. Ermənilər yolda maşınların qabağını kəsib, hətta maşınları talayırdılar. İrəvanda xəstəxanada yatanda erməni həkimlər atamın başına min oyun açdılar. Zəngibasar (Masis) rayonundakı yeganə məscidi yandırdılar. Hətta yeznəmi evində çörək kəsən erməni balta ilə başından vurdu”.

O bildirib ki, Azərbaycanın hər yanı bizim üçün doğmadır: “Ancaq 35 ildir hər gecə yuxumda oranı görürəm. Ermənilərdən torpaq sahibi olmaz. Onlarınkı heç nədən pul qazanmaqdı. Onlar əməkdən qaçırlar. Biz torpağı sevən, Vətəni sevən bir millətik. Ora bizim dədə-baba torpağımızdı. Vətənə qayıdış bizim gecə-gündüz yadımızdan çıxmayan arzudur. Vətənə qayıtmaq, onun suyunu içib, torpağını ziyarət eləmək, ata-ananın məzarını ziyarət etmək mənim üçün dünyada ən xoş gün olardı. Kaş o günü Allah mənə qismət edəydi. Əminəm, inanıram ki, mən olmasam da, oğul-uşaqlar, nəvələr vaxt gələcək Vətən deyib o torpaqlara qayıdacaqlar. Onda mənim ruhum məzarda şad olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi