Bakı. 20 sentyabr. REPORT.AZ/ "Bu yaxınlarda 20 illiyini qeyd etdiyimiz ANAMA 1998-ci ilin iyulun 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə yaradılıb, işğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilib. Fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.
O qeyd edib ki, hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir: "Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub. ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib".
F.Ələsgərovun sözlərinə görə, digər uğurlu layihə isə Ceyrançöl layihəsi olub: "Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilən Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, bir sıra ölkələr donor qismində çıxış ediblər, fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan hökuməti adından dərin təşəkkürümü çatdırıram".