Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı həm ölkə daxilində, həm də xarici olkələrdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
“Report” məktublardan bəzilərini təqdim edir:
Əli Göktürkdən, Verl, Almaniya
Möhtərəm Prezident, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı.
Sizin rəhbərliyinizlə işğal altındakı ərazilərin azad edilməsində qazanılan zəfərinizə “Mübarək olsun!” deyərək təbrik edir, Sizə hörmət və minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, işğaldan azad edilən bütün ərazilərdə ən qısa zamanda quruculuq işləri başlayar və bu böyük zəfəriniz Türk Dünyasının birləşməsinə, bir olmasına imkan yaradar.
Sizin timsalınızda şanlı Azərbaycan Ordusunun bütün igid əsgərlərinə minnətdaram və ehtiramla sonsuz salamlarımı çatdırıram.
Tanrı Türk ümmətini qorusun!
Ramil Əliyevdən, Moskva, Rusiya
Möhtərəm Prezident İlham Əliyev.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Rusiya Federasiyası Moskva Vilayətinin İstra rayonunda azərbaycanlılar bu şanlı Qələbəni və Azərbaycanın tarixi torpaqlarının azad edilməsini bu günə kimi qeyd edirlər. Bu şanlı Qələbə ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük əməyiniz, iradəniz və qətiyyətiniz sayəsində əldə edildi. Sizin komandanlığınız altında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu, eləcə də Azərbaycanın tarixi və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad edilməsinə nail oldu. “Moskva Vilayətinin İstra şəhər dairəsinin Azərbaycan İcması” yerli ictimai təşkilatı parlaq Qələbəyə, eləcə də Azərbaycanın dövlət başçısı kimi apardığınız uğurlu xarici və daxili siyasətə görə Sizə səmimi qəlbdən minnətdarlığını bildirir.
Nəzrin Kərimlidən, Goranboy, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Mənim 19 yaşım var, Goranboy rayonunda, müharibə veteranının ailə üzvüyəm.
Müharibənin hər dəqiqəsini həyəcanla yaşayan biri kimi Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Arxa cəbhədən ön cəbhəyə əlimizdən gələn köməyi edib, onları ruhlandırmağa, ilhamlandırmağa çalışdıq. Arxa cəbhədə olan insanların ilham mənbəyi isə Siz idiniz, cənab Prezident!
Müsahibələriniz zamanı verdiyiniz səlis cavablarınız bizə güc verdi. Yüksək səslə bütün dünyaya haqq yolunda olduğumuzu bəyan etməyiniz, rəhbərliyinizlə şanlı ordumuzun zəfər çalması bizi bir yumruq olan Azərbaycana çevirdi. Biz 44 günlük müharibədən sonra başqa bir Azərbaycan olduq!
Sizin yüksək hərbi şücaətiniz və diplomatik qalibiyyətiniz nəticəsində bizim müqəddəs Laçınımız işğaldan azad olundu. Bundan əvvəl Ağdam və Kəlbəcər rayonları da bir güllə belə atılmadan geri qaytarıldı. Uğrunda minlərlə şəhid verdiyimiz torpaqları şəhid vermədən azad etdiyiniz üçün Sizə minnətdaram!
Biz güclü bir liderlə, cəsur Ali Baş Komandanla Azərbaycanı bütün dünyaya yenidən tanıtdıq. Siz Azərbaycanın qara bəxtli Qarabağına günəş kimi doğdunuz! Siz Qarabağımızın fatehi, igid sərkərdəsiniz!
Sizin sayənizdə bu gün mən qalib, düşmən tapdağında torpağı olmayan, başı dik, alnı açıq Azərbaycan vətəndaşıyam! Azərbaycan xalqı bir daha əmin oldu ki, gələcəyə İlhamla irəliləyəcək! Ulu liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam!
Telman Hüseynovdan, Füzuli, Azərbaycan
Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandanım!
2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azadlığı uğrunda başlayan döyüşlərdə qalib gələcəyimizə inanırdım. Çünki, bizim güclü Ordumuz və müzəffər Ali Baş Komandanımız var.
Füzuli torpağında Azərbaycan Bayrağı dalğalananda ömrümün 87-ci ilində ürəyimdə qalan arzularım yenidən oyandı. Qısa bir müddətdə işğal olunmuş torpaqlarda və nəhayət Qarabağın tacı olan Şuşamızda Bayrağımızın dalğalanması, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu bir daha sübut etdi. Qarabağsız Azərbaycan tam deyildi, Siz Qarabağı yenidən bizə qaytardınız. Tarixi ədaləti bərpa etdiniz və sübut etdiniz ki, Qarabağ Azərbaycandır!
Hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyev Füzuli rayonuna səfər edərkən onu qarşılayanlar arasında mən də olmuşdum. İnanıram ki, tezliklə işğaldan azad olmuş torpaqlar çiçəklənəcək və mən Sizi doğma Füzulimdə qarşılayacağam.
Allah Sizi qorusun mənim və xalqımın əbədi Prezidenti!
Yelmar Kərimovdan, Ağdam, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Mən 1972-ci il sentyabrın 5-dən Azərbaycanın qurucusu, yaradıcısı, müstəqilliyinin banisi ulu öndər Heydər Əliyevin dostu, Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq Sizə uzun ömür, cansağlığı arzulayıram. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Qarabağımızı erməni faşistlərin tapdağından azad etdiniz, bizə böyük Qələbə sevinci yaşatdınız. Siz Azərbaycanı, Azərbaycan xalqını qoruyursunuz. Sizin kimi Ali Baş Komandanı olan ölkə üçün heç bir qorxu, təhlükə yoxdur. Allah da Sizi və ailə üzvlərinizi qorusun!
Sənan İsrəfilovdan, Bakı, Azərbaycan
Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım.
30 ilə yaxındır ki, işğal altında olan torpaqları müdrik siyasətinizlə, qəhrəman Azərbaycan əsgərinin hünəri ilə azad etdiyiniz üçün Sizə öz adımdan və bütün yaşıdlarım adından sonsuz minnətdarlığımı bildirirəm. Bu müharibədə öz canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, Sizə Azərbaycan naminə bütün işlərinizdə böyük uğurlar arzu edirəm. Xalqımızın tarixində və millətimizin ürəyində əbədi yaşayacaqsınız!
İlqar Nadirovdan, Laçın, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
28 il öncə məcburi şəkildə köçürüldüyümüz Laçına qayıdışımızı təmin etdiyiniz üçün Sizə şəxsim və ailəm adından dərin təşəkkürümü bildirirəm. Rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə 2020-ci ilin bütün ağırlıqlarını bizə unutdurdu. Artıq Bakıda Laçın küləyi əsir. İllər öncə bu cümləni dilə gətirəndə, ürəyimiz əsirdi. Sanki yuxu kimi gəlir bütün yaşananlar. Allah şəhidlərimizə rəhmət eləsin. Siz də qeyd etdiyiniz kimi, onlar, aslan kimi vuruşdular. Bütün gücü isə Sizdən aldı hərbçilərim, cənab Prezident! Azərbaycan vətəndaşı olmaqdan qürur duyuram! Laçın Azərbaycandır! Qarabağ Bizimdir!
Əlizamin Qarayevdən, Kəlbəcər, Azərbaycan
Möhtərəm cənab Prezident,
Müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik.
Müzəffər Ali Baş Komandan!
Vətən müharibəsinin zəfərləri silsiləsində Kəlbəcər rayonunun da olması bütün Azərbaycan xalqında hədsiz sevinc yaratdı. Biz kəlbəcərlilərin hisslərini sözlə ifadə etmək mümkün deyil.
27 illik həsrətdən sonra Kəlbəcərin döyüşsüz işğaldan azad edilməsi xalqımıza ən xoşbəxt, qürurlu günləri yaşatdı.
Cənab Prezident, doğma yurdumuzu bizə qaytardığınza görə Kəlbəcər rayonunun sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Kəlbəcər ziyalıları hər zaman bir olaraq Sizin ətrafınızda birləşiblər.
Lyudmila Bağırovadan, Yevlax, Azərbaycan
Müzəffər Ali Baş Komandanımız, əzizimiz, qalib Sərkərdəmiz, çox hörmətli, əziz Mehriban xanım.
Gözləriniz aydın olsun! Qartallar oylağı Laçınımız da mənfur düşmən işğalından azad oldu. Dövlətimiz Sizin güclü siyasətiniz və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi. Çox şükürlər olsun. Vətənimizin azad olmuş hər guşəsinə şükür. Üçrəngli şanlı bayragımızın Qarabağımızda dalğalandığını hər dəfə gördükdə gözlərim dolur. Mən bir şuşalı kimi, 1992-ci ildə Şuşanın işğalı günü iki qardaşını şəhid vermiş bacı kimi Sizə qəlbən minnətdaram. Şuşam azad olundu, qardaşlarımın və onlar kimi çoxsaylı şəhidlərimizin qanı yerdə qalmadı. İndi o şəhidlərin ruhu şaddır. Çox sağ olun, əziz Prezidentimiz. Zəfərimiz mübarək! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan!
Aişə Əsədzadədən, Naftalan, Azərbaycan
Əziz Prezidentimiz!
Adım Aişədir, 7 yaşım var. Babam Hüseynov Rafiq polis mayoru kimi 1988-ci ildə Xankəndidə müharibədə iştirak edib. Nənəm hər zaman babamın Birinci Qarabağ müharibəsində çəkdirdiyi şəkilləri görəndə ağlayırdı. Mən indi başa düşürəm ki, nənəm niyə ağlayırdı. Çünki babam müharibə iştirakçısı və veteranı olub.
Əziz Prezidentimiz, biz Sizi çox sevirik. Siz televiziyada çıxış edərkən nənəm hər dəfə deyir: Əsl rəhbərdir bizim Prezidentimiz.
Hörmətli Prezidentimiz, mən inanıram ki, biz uşaqların gələcək xoşbəxtliyini ancaq Siz təmin edə bilərsiniz. Allah Sizi qorusun!
Məzahir Əhmədovdan, Kəlbəcər, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Bu gün bütün kəlbəcərlilər kimi mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. Siz 27 illik Kəlbəcər həsrətinə son qoydunuz. Yenilməz Ali Baş Komandan olaraq işğalçını məğlub edərək, doğma yurdumuzu bizə yenidən bəxş etdiniz. Mən ailəm adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Allah Sizi, rəşadətli müzəffər Ordumuzu qorusun.
Cənab Prezident, biz Sizinlə fəxr edirik. Sizin qəhrəmanlığınızla xalqımızın yeni şanlı tarixi yazıldı.
Zəfərimiz mübarək olsun!
Pərvin Səfərovdan, Neftçala, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident.
Siz bizim Qələbəmizin tarixi şəxsiyyətisiniz. Qələbə tarixini bizə yaşatdığınız üçün Sizinlə qürur duyuruq. Hər bir Azərbaycan vətəndaşı kimi qalib millətin nümayəndəsi olduğum üçün Sizə minnətdaram. “Qarabağ Azərbaycandır!” ifadəsi mənim həyatımın əsas yaradıcı hissəsinə çevrildi. Musiqiçi olaraq “Qarabağ Azərbaycandır!” yaradıcılığı bütün ifalarımın ideyasıdır. Biz də öz yaradıcılığımızla müqəddəs tariximizi əbədi yaşadacağıq. Sizin gücünüz bizə güc verir. Mənim hər zaman arzum olub ki, Azərbaycanın əbədi və əzəli torpaqlarında incəsənətin bütün incəliklərini yaşayım. Sizin sayənizdə arzularım reallığa çevrildi. Tezliklə bizim səsimiz Qarabağdan, mədəniyyətimizin beşiyi olan Şuşadan və digər müqəddəs torpaqlardan gələcək. İncəsənətin ürəyi hesab olunan müqəddəs torpaqlarda firavan Azərbaycan dövləti əbədi yaşayacaq. Sizə sonsuz inamı olan bir yaradıcı insan kimi hər zaman Sizin xidmətinizdəyəm. Yaşasın Azərbaycan Ordusu, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Nicat Sadıqovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi bu Qələbə münasibəti ilə ailəm və kəlbəcərlilər adından təbrik edirəm. Sizin müdrik siyasətiniz, Ordumuzun fədakarlığı sayəsində Azərbaycanın necə qeyrətli xalq olduğunu bütün dünya bildi.
Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Siz xalqımıza sonsuz sevinc anları bəxş etdiniz, millətimizi qalib xalq zirvəsinə yüksəltdiniz. Biz fəxr edirik ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var və şükr edirik ki, tarixə qızıl hərflərlə yazılacaq Qələbəni görmək bizə də nəsib oldu. Siz Azərbaycanın Milli Qəhramanısınız. Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Anar Həsənovdan, Laçın, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Laçın rayonundan artıq keçmiş məcburi köçkün olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dövlət başçısı, Ali Baş Komandan olaraq rəhbərliyiniz altında, qəhrəman Ordumuzun Laçın da daxil olmaqla işğal altında olan torpaqlarımızı azad etməsi bütün Azərbaycan xalqı kimi mənə və ailəmə də çox böyük sevinc yaşatdı. 28 il Vətəndən ayrı düşmək dərdi, el-oba həsrəti məhz Sizin uğurlu siyasətiniz, qəti addımlarınız nəticəsində sona çatdı. Azərbaycanın işğal edilmiş torpaqlarının, Laçının qaytarılması kimi böyük hərbi-siyasi qələbə rəhbərliyinizlə xalqımızın tarixinə çox böyük, əlamatdar nailiyyət kimi yazıldı. Bizə Vətənə qayıtmaq kimi uzun illərdir ki, ürəyimizdə yaşatdığımız arzuya çatmaq imkanı yaratdığınıza görə bir daha Sizə dərin minnətdarlığmı bildirirəm. Sizə daim cansağlığı, dövlət xadimi kimi xalqımızın rifahı, mənafeləri uğrunda fəaliyyətinizdə uğurlar, qələbələr arzulayıram.
İman Ağayevdən, Xızı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizə deyiləsi o qədər xoş sözlər var ki, qədəri kainata belə sığmaz. Minnətdarlıq hisslərinin ən alisinə layiqsiniz. Bizi öz əzəli yurd yerlərimizə qovuşdurdunuz. Qələbə sevincini, qürurunu öz yurdu ilə, Sizinlə döyünən bütün ürəklərdə alovlandırdınız. Bizə zəfər yaşatdınız. Eşq olsun Sizə! Siz mərd oğlu mərdsiniz! Bizim Heydər babamızın oğlu, nə yaxşı ana yurdumuz Azərbaycanımızın, bizim Prezidentimizsiniz! Yaşa, Müzəffər Ali Baş Komandan!