"Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib:
"Əslində bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtgü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı".