​Prezident: Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir

​Prezident: Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir "Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı davamlı dəstəklədiyi üçün Pakistana çox minnətdarıq"
Daxili siyasət
12 Mart , 2015 01:13
​Prezident: Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir

Bakı. 12 mart. REPORT.AZ/ "Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu".

"Report" xəbər verir ki, bu sözləri martın 11-də Azərbaycan və Pakistan arasında sənədlərin imzalanması mərasimindən sonra pakistanlı həmkarı Məmnun Hüseyn ilə mətbuata bəyanatla çıxış edən prezident İlham Əliyev bildirib.

Qonağı bir daha salamlayan Azərbaycan prezidenti bildirib:

- Bu gün cənab prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.

Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik.

Bu gün ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq təsisatlarda əməkdaşlığımızı müzakirə etdik. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.

Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.

Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir.

Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi dəstəkləyirik.

Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.

Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.

Əməkdaşlığımızın mühüm bir hissəsi humanitar sahəyə aiddir. Bu, mədəniyyət, elm, sosial sahələrdir. Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Çünki beynəlxalq arenada qarşılıqlı dəstək, iqtisadi və enerji sektorlarında əməkdaşlıq həqiqətən strateji tərəfdaşlığın səviyyəsinin göstəricisidir. Habelə ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. İslam dünyasında daha çox birliyə, qarşılıqlı dəstəyə ehtiyacımız var. Bir-birimizi siyasi və iqtisadi cəhətdən, həmçinin beynəlxalq təşkilatlardakı fəaliyyətlərimiz baxımından dəstəkləməliyik.

Biz İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk. Azərbaycan və Pakistan bu istiqamətdə öz mühüm rolunu oynamağa davam edəcək. Başqa sözlə desək, biz bütün sahələrdə əməkdaşlıq edirik. Bu əməkdaşlığı gücləndirmək üçün aydın niyyətimiz var. Bizim üçün Pakistan ən yaxın dost və müttəfiqlərdən biridir. Bu gün qardaş ölkənin Prezidentini Azərbaycanda qəbul etməkdən çox məmnunuq. Ümid edirəm ki, səfərinizin çox yaxşı nəticələri və səfərlə bağlı xoş xatirələriniz olacaq. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.

Son xəbərlər

Orphus sistemi