Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev "Azərbaycanın Milli Qəhrəmanı" medalını şəhid Çingiz Qurbanovun atasına təqdim edib - YENİLƏNİB

    Dövlət başçısı şəhidin ailə üzvləri ilə görüşüb

    *** 12:01

    Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

    "Report"un xəbərinə görə, Prezident İlham Əliyev deyib ki, bütün Azərbaycan Çingizlə fəxr edir: "Mən sizə minnətdaram ki, belə gözəl övlad böyütmüsünüz, Azərbaycana bəxş etmisiniz. Ancaq Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır. O, hərbçi üçün ən yüksək mükafatla təltif olunub, ona Milli Qəhrəman adı verilib. O, bizim qəhrəmanımızdır. Onun adı əbədiləşdiriləcək və o, həmişə bizim ürəyimizdə yaşayacaqdır.

    Mən bu gün sizi dəvət etmişəm. Dünən Çingizin üç mərasimi verildi. Bu gün sizi dəvət etmişəm ki, bu yüksək mükafatı - Milli Qəhrəman qızıl ulduzunu sizə təqdim edim".

    Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu şəhidin atası Salman Qurbanova təqdim edib.

    Salman Qurbanov deyib: "Bu ali mükafat təkcə Çingizə deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə Sizin tərəfinizdən verilən qiymətdir. Sizə dərin minnətdarlığımı bildirirəm, cənab Prezident. Mən bir şəhid atası kimi, Sizi əmin edirəm ki, Sizin əmrinizlə bu saat da silah götürməyə, Vətənimizin torpağını azad etməyə hazıram. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram".

    Sonda xatirə şəkli çəkdirilib.

    Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam (ölümündən sonra) imzalayıb.

    Xatırladaq ki, Ç.Qurbanov ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub.

    Onun nəşi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi