Bakı. 21 sentyabr. REPORT.AZ/ “Enerji siyasətimizə gəldikdə, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən “Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.
“Əlbəttə ki, Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək. Nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”, - dövlət başçısı bildirib.