"Əlbəttə ki, biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir"
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti
Dövlət başçısı bildirib: "İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir. Ona görə bu məsələ ilə bağlı indi sizin nazirlik qarşısında çox ciddi vəzifələr durur. Siz qısa müddət ərzində bu ödənişləri təmin etməlisiniz".