"Bu gün ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ildönümüdür. Məhz 1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ulu öndər bu vəzifəyə seçilib".
Bu fikirləri "Report"a açıqlamasında politoloq Fuad Axundov bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycan SSR daha çox aqrar sektorun inkişaf etdiyi ölkə idi: "Ancaq ümummilli lider 1982-ci ilədək birinci katib işlədiyi 14 il müddətində Azərbaycan tamamilə industrial aqrar respublikaya çevrildi, ölkə bir çox nailiyyətlər əldə etdi, Belə ki, 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə təhsil almağa göndərilib. Eyni zamanda Azərbaycanda xəstəxana çarpayılarının sayı 46,4 mindən 62,2 minə, qadın xəstəxanalarının, uşaq poliklinika və ambulatoriyalarının sayı isə 293-dən 949-a çatdırılıb".
F.Axundov deyib ki, ulu öndər həmin müddətdə xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsinə də böyük qayğı və diqqət göstərib: "1969-1982-ci illərdə Azərbaycanda 1155 kitabxana, 1316 klub, 849 ümumtəhsil məktəbi fəaliyyət göstərib. Bundan başqa, respublikanın içməli su təchizatı 346 mlrd. kubmetrdən 698 mlrd. kubmetrə çatdırılıb. Məsələn, 1883-1969-cu illərdə Azərbaycanda 28 elektrik stansiyası quraşdırılıb istifadəyə verilmişdisə, 1969-1982-ci illərdə onların sayı 39-a çatdırılıb, ümumi gücü isə 40 faiz artıb. Hətta Azərbaycanın hər üç vətəndaşından biri 14 il müddətində yeni mənzilə köçüb. Əgər ötən əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə onların sayı 1048-ə çatdırılmışdı. Eyni zamanda ümummilli lider Azərbaycanın illər boyu talanaraq mərkəzə daşınan yeraltı və yerüstü sərvətlərinin axınının istiqamətini böyük bir siyasi məharətlə geri çevirərək respublikanın inkişafına, xalqın rifahına yönəltməyə nail olmuşdu".
Politoloq vurğulayıb ki, Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməklə müstəqil Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı və gələcək inkişafın təməlini qoydu: "Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin yolunu uğurla davam etdirir. Azərbaycan iqtisadi baxımdan inkişaf edib. Hazırda ölkəmiz dünya dövlətləri arasında qabaqcıl sıralardadır. Məhz uğurlu siyasətin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olunub".