Yuxarı

III Qlobal Bakı Forumuna yekun vurulub

İki gün davam edən tədbirdə dünyanı narahat edən məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə aprelin 28-29-da keçirilən III Qlobal Bakı Forumu başa çatıb.

"Report" xəbər verir ki, Forumun bağlanış mərasimində çıxış edən DİDK sədri Nazim İbrahimov bildirib ki, iki gün ərzində bu tədbirdə dünyanı narahat edən məsələlər barədə səmərəli fikir mübadiləsi aparıldı.

Forumda dövlət və hökumət rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin səsləndirdikləri fikirlər, irəli sürdükləri maraqlı təkliflər çox faydalı olacaq. Bir sözlə, Forum müvəffəqiyyətlə baş tutdu.

Komitə sədri Forumun iştirakçılarına təşəkkürünü bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin Forum çərçivəsində keçirilən plenar iclaslarda müzakirə olunan mövzuların əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Onlar artıq ənənə halı almış Forumun həm iştirakçılarının, həm də gündəliyindəki məsələlərin sayının ilbəil artdığını diqqətə çatdırıb, tədbirin uğurlu nəticələrinin olacağına əminliklərini bildiriblər.

Sonra Komitə sədri Nazim İbrahimov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə həm Vayra Vike-Freyberqanın, həm də İsmail Serageldinin Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görüldüklərini deyib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə medalı Latviyanın sabiq Prezidentinə və İsgəndəriyyə Kitabxanasının direktoruna təqdim edib.

Akif Əlizadə bildirib ki, Vayra Vike-Freyberqa Azərbaycan-Latviya əlaqələrinin inkişafında, eləcə də Nizami Gəncəvinin əsərlərindəki fikirlərin, dəyərlərin dünyaya çatdırılmasında xidmətlərinə, İsmail Serageldin isə dünya elmi irsinin qorunub saxlanılması, Nizami Gəncəvinin bəşəri fikir və ideyalarının öyrənilməsi və təbliği istiqamətində gördüyü işlərə görə bu medala layiq görülüblər.

Xatırladaq ki, Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edilib, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi