Bakı. 13 dekabr. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavinləri Elman Fəttah, Səxavət Soltanlı çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.
Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib.
E.Fəttah bildirib ki, onlar BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüblər.
S.Bağırov Müsavat Partiyasının dekabrın 14-də saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.
Təşkilatçılara bildirilib ki, mitinqin keçirilməsi ilə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.
E.Fəttah isə hər şeyin əvvəldən razılaşdırıldığı kimi olacağını qeyd edib.