Yuxarı

Oqtay Əsədov: "Azərbaycanda növbəti ildə də iqtisadi artım proqnozlaşdırılır"

Spiker: Ölkə iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayıb. Növbəti ildə də iqtisadi artım proqnozlaşdırılır”. “Report”un verdiyi xəbərə görə, bu barədə spiker Oqtay Əsədov parlamanetdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində azalma olsa da, büdcənin sosial yönümlülüyü saxlanılır: “Büdcənin gəlirlərinin azalmasının əksər hissəsi Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertin azalması hesabınadır. Gələn il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 6,0 mlrd. manat həcmində transfert nəzərdə tutulur ki, bu da 2015-ci ilin müvafiq proqnozu ilə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır”.

Qeyd edək ki, Azərbaycanın 2016-cı il dövlət büdcəsi layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə, 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb.

Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin analoji proqnozundan 2,17% çoxdur.

Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 837,8 mln. manat həcmində nəzərdə tutulub ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, müdafiə xərcləri 2015-ci il üçün 1 778,5 mln. manat proqnozlaşdırılsa da, ilin sonuna 1 760 mln. manat səviyyəsində icra olunacağı gözlənilir.

2016-cı ilin dövlət və icmal büdcələrində xam neftin baza qiyməti 50 ABŞ dolları/barel, ABŞ dollarının rəsmi orta illik məzənnəsi isə 1,05 AZN/USD səviyyəsində götürülüb.

2016-cı il icmal büdcəsinin gəlirləri 16,720 mlrd. manat və yaxud cari ilə nisbətən 19,3% az, xərcləri 19,907 mlrd. manat və yaxud 23,2% az nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi