Nazirlik vəzifə borclarına laqeyd münasibət göstərən məmurlara xəbərdarlıq edib

Nazirlik vəzifə borclarına laqeyd münasibət göstərən məmurlara xəbərdarlıq edib İlin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb
Daxili siyasət
5 Dekabr , 2016 20:21
Nazirlik vəzifə borclarına laqeyd münasibət göstərən məmurlara xəbərdarlıq edib

Bakı 5 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin və regional ədliyyə şöbələrinin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə aidiyyəti işçilər üçün video-konfrans təşkil edilib.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov dövlətin adından çıxarılan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının vətəndaşın təkcə dövlətə olan inamını, etimadını deyil, həm də qanun qarşısındakı məsuliyyətini artırdığını vurğulayıb, bu məqsədlə icra işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini, xidmətin strukturunun təkmilləşdirildiyini, icra baş idarəsinin və yerli icra qurumlarının rəhbərliyinin və işçi heyətinin möhkəmləndirildiyini, şəffaf müsabiqələrlə hazırlıqlı və mənəvi cəhətdən saf gənc mütəxəssislərin xidmətə işə qəbul olunduğunu qeyd edib.

İcra baş idarəsinin rəisi – Baş icra məmuru vəzifəsini icra edən Nurəddin Mustafayev məruzə edərək bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub. Təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib, görülən icra tədbirləri nəticəsində fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 200 milyon manatadək vəsait ödənilib.

Qeyd olunub ki, icraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır ki, bu da uşaqların birbaşa hüquqlarına toxunur. Bununla bağlı cinayət qanunvericiliyinə müvafiq dəyişikliklər edilərək alimentin ödənilməsindən boyun qaçırmaya görə cinayət məsuliyyəti sərtləşdirilməklə icranın səmərəsi artırılıb.

İclasda bankların problemli kreditləri ilə bağlı on minlərlə məhkəmə əmrinin icraata daxil olmasının iş yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu bildirilib, bu kateqoriya işlərin icrası üzrə aidiyyəti qurumlarla əlaqəli surətdə tədbirlərin görüldüyü vurğulanıb.

Eyni zamanda, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün elektron icra xidmətinin yaradılması üzrə əməli tədbirlər görülür. Artıq elektron icra sisteminin müəyyən komponentlərinin bəzi icra qurumlarında tətbiqinə başlanılıb. Bu yeni sistemin ən qısa müddətdə tam tətbiqi icra hərəkətlərinin mütəşəkkil və dürüst təmin olunmasına, elektron sənəd dövriyyəsinin təşkilinə, işlərin avtomatlaşdırılmış qaydada bölüşdürülməsinə, prosessual sənədlərin və statistik hesabatların eyni qaydada hazırlanmasına, prosessual müddətlərə nəzarət olunmasına və icra vəziyyətinin elektron rejimdə öyrənilməsinə xidmət edəcək.

Bununla yanaşı, sənədlərin vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi məqsədilə əlavə tədbirlər görülüb, o cümlədən "İcra haqqında" Qanunun Kommentariyası hazırlanaraq onların istifadəsinə verilib.

Müşavirədə görülən tədbirlərə baxmayaraq bəzi yerli icra qurumlarında nöqsan və çatışmazlıqların mövcud olduğu bildirilib, vətəndaşlardan daxil olan, o cümlədən dövlət başçısının tapşırığına əsasən nazirliyin rəhbərliyi tərəfindən bölgələrdə keçirilən səyyar qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb.

Bununla əlaqədar nazirlik tərəfindən vətəndaşların haqlı narazılığına səbəb olan halların təxirəsalınmadan aradan qaldırılması ilə bağlı konkret tədbirlər görülüb, yerli ədliyyə qurumlarına əməli köməklik göstərilib, nöqsanlara yol verən icra qurumlarının fəaliyyəti nəzarətə götürülüb, zəruri hallarda yoxlamalar aparılıb və digər təşkilati tədbirlər həyata keçirilib.

İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, bir sıra yerli qurumlarda vətəndaşların haqlı narazılığına səbəb olan şikayətlərə çevik reaksiya verilməməsi, onların şəxsi qəbulunun düzgün təşkil edilməməsi, işlərin hərəkətsiz saxlanılması halları, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin inzibati məsuliyyətə cəlb olunması, icra ödənişlərinin alınması məsələlərində ciddi pozuntulara yol verilməsi icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı regional ədliyyə şöbələrinin və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini işin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalara dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə şöbələri və digər aidiyyəti orqanlarla əlaqəli işin təkmilləşdirilməsi, icra məmurlarının peşəkarlığının artırılması ilə bağlı və s. konkret tapşırıqlar verib.

Sonra tədbir "Elektron icra sistemi" və ondan istifadə qaydaları, həmçinin digər aktual məsələlərə dair seminar-məşğələ ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi