"Qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb".
“Report” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin müzakirəsi zamanı səsləndirilən suallara cavabında deyib.
“Ölkədə fəaliyyət göstərən 1600 bələdiyyənin 1 215-də xəritələrin verilməsi başa çatıb. Bu məsələnin gecikməsinin müəyyən obyektiv səbəbləri var. Misal olaraq, bəzən meşə fondu ərazilərinə daxil olan torpaqlarla bağlı aidiyyəti üzrə dəqiqləşdirmə aparılmalıdır. Yaxud da bəzi qurumlarla ziddiyətli məqamlar da olur. 84 bələdiyyədə bu məsələ ilə əlaqəli müəyyən fikir ayrılıqları var. Bəzən bələdiyyə aktları Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərildikdə sərhədlərin dəqiq göstərilməsi zərurəti ortaya çıxır. Xəritələr hələ tam hazır olmadığından məsələ yubanır. Bələdiyyə seçkilərinin Seçki məcəlləsindən çıxarılması məsələsinə gəlincə, bununla bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilməlidir” – nazir müavini əlavə edib.
V.Zahirov qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planında qanunvericilik aktlarının hazırlanması vəzifəsi qarşıya qoyulub: “Bizim göndəridiyimiz layihələr bütün dövlət orqanları ilə razılaşdırma mərhələsində idi. Bəzi müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə müəyyən məsələlərdə fikir ayrılıqları var idi. Onlar da bununla bağlı öz təkliflərini verirlər”.
O vurğulayıb ki, qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb: “Bunun da bir neçə səbəbi var. Regionlarda və bir çox kəndlərdə qəbiristanlıqların sənədlərin, xəritələrin, pasportların olmaması gecikməyə səbəbdir”.