Bakı. 31 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyünə (vəkilliyə), həmçinin rayonlarda yaradılacaq vəkillik qurumlarında vəkilliyə qəbulla əlaqədar olaraq, müsabiqə elan edilib.
"Report"un məlumatına görə, müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
İmtahanları Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə keçirəcək. Məqsəd vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi üçün şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun imtahan götürməkdir. Testdən və şifahi müsahibədən ibarət olacaq ixtisas imtahanlarını müvəffəqiyyətlə verən namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 30 günlük icbari təlimdə iştirak edəcəklər. Xarici dilləri, kompüter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir. Müsabiqədə (ixtisas imtahanlarında) iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə;
2. Kadrlar uçotunun şəxsi vərəqəsi;
3. Tərcümeyi-hal;
4. Ali təhsil haqqında diplomun surəti (diplomun əsli sənədlərlə birlikdə təqdim edilməlidir);
5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar idarəsində) surəti;
6. Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və yaxud forma № 9) surəti;
7. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
8. Əqli cəhətdən sağlam olmaq barədə müvafıq dispanserdən arayış;
9. 3×4 santimetr ölçüdə 4 ədəd fotoşəkil;
10. Hərbi biletin surəti.
Sənədlərin qəbulu 01 sentyabr 2018-ci il tarixdən hər iş günü saat 10:00-dan 17:00-dək Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 5 ünvanında – Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının qəbul otağında aparılacaq.
Əlaqə vasitələri: telefon: (036) 545-58-06
Məsul şəxsin əlaqə nömrəsi: 050-485-04-35
e-poçt: [email protected]