Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) Təşkilat Komitəsinin (TK) ilk toplantısı keçirilib.
Təşkilatdan "Report"a verilən məlumata görə, toplantının gündəliyi təşkilati məsələlər, Təşkilat Komitəsinin təsis konfransının çağırılmasına qədər qarşısında duran vəzifələr və cari məsələlərdən ibarət olub. İclasa sədrlik edən Vurğun Əyyub deyib ki, birinci məsələ üzrə TK üzvlərinin sayına dəyişiklik edilib, Müsavat Partiyası Məclisinin keçmiş katibi Arifə Hüseynli və Müsavat Partiyası üzvü Samir Abbaslı TK-yə yeni üzv seçilib. A.Hüseynli eyni zamanda TK-nın katibi vəzifəsini tutub. Daha sonra TK-nin sədri vəzifəsinə Qubad İbadoğlunun namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub. Qarşıda dayanan vəzifələrin daha sürətlə həyata keçirilməsi üçün TK sədrinin üç müavininin olması qərara alınıb. TK üzvləri Vurğun Əyyub, Ədalət Yusibov və Səxavət Əlisoy sədrin müavinləri seçiliblər.
Qarşıda duran vəzifələr geniş şəkildə müzakirə edilib, təsis konfransının və ya ümumi yığıncağının tezliklə keçirilməsi üçün görüləcək işlərin təxmini dairəsi müəyyənləşdirilib. Redaktələr nəzərə alınaraq qəbul üçün üzvlük anketi və ərizə forması təsdiq edilib, üzvlüyə qəbul üçün ilkin qaydalar müəyyənləşdirilib, TK-nin fəaliyyəti üçün Əsasnamə hazırlanması qərara alınıb.
Sonda cari məsələlərə baxılıb.