Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməli, bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.
"Report"un xəbərinə görə, bu, yeni hazırlanan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 4-cü (İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət) maddəsində qeyd olunub ki, deputat qərəzli olaraq hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməli və bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.
Layihənin yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.